Ali Məhkəmədə qətl törətməkdə təqsirləndirilən Məmmədağa Quliyev və onun qardaşı Zaur Quliyevin barəsində olan məhkəmə qərarından verilən kassasiya şikayəti baxılıb.
E-huquq.az-ın xəbərinə görə, hakim Gülzar Rzayevanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, hər iki şəxsin kassasiya şikayəti təmin edilməyib.
Qeyd edək ki, 2016-cı ilin oktyabr ayında 1983-cü il təvəllüdlü M.Quliyev həyat yoldaşı G.Feyziyevanı qısqanclıq zəminində boğaraq öldürüb.
İlk əvvəl qadının xəstəlikdən (qıcolmadan) vəfat etdiyi bildirilsə də, sonradan Salyan Rayon Prokurorluğunun apardığı araşdırmalar nəticəsində onun həyat yoldaşı Q.Məmmədağa tərəfindən qətlə yetirildiyi məlum olub.
26 yaşlı qadının meyiti eksqumasiya edilib və ekspertizadan keçirilib.
Ekspertiza nəticəsində məlum olub ki, qadın əllə boğularaq qətlə yetirilib.
İş üzrə təqsirləndirilən digər şəxs – M.Quliyevin qardaşı Z.Quliyevin həmin ilin oktyabrın 4-də mərhum G.Feyziyeva ilə bir otaqda tutduğu Salyan sakini, 1994-cü il təvəllüdlü N.Xankişiyevi bıçaqladığı qeyd olunur. Qardaşının çağırışı ilə həmin gün Bakıdan evə dönən M.Quliyevin həyat yoldaşını boğaraq qətlə yetirməsinə məhz bu olay səbəb olub.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Quliyev 16 il, qardaşı Z.Quliyev isə 7 il 10 ay 15 gün müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan qardaşlar apellyasiya şikayəti verib. Şirvan Apellyasiya Məhkəməsi M.Quliyevin apellyasiya şikayətini qismən təmin edib. Belə ki, M.Quliyevin 16 il müddətinə azadlıqdan məhrumetmə cəzası 15 ilə endirilib. Z.Quliyevin isə apellyasiya şikayəti təmin olunmayıb. Daha sonra onlar kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət ediblər.
