İyulun 31-də Azərbaycan Respublikasının Baş Prokurorluğunda prokurorluq orqanları tərəfindən 2019-cu ilin birinci yarımilində “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə görülmüş işlərin vəziyyəti və bölgə müşavirələrində aparılmış müzakirələrin nəticələrinə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib.
E-huquq.az-ın xəbərinə görə, müşavirədə məruzə ilə çıxış edən Baş prokuror Zakir Qaralov deyib ki, 2019-cu ilin birinci yarımili eyni zamanda ölkənin məhkəmə-hüquq sistemində islahatların dərinləşdirliməsi dövrü kimi yadda qalıb.
Belə ki, 2019-cu il aprelin 3-də Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” imzalanmış Fərmanda məhkəmələrin fəaliyyətinin müasir tələblərə uyğun qurulması, onların fəaliyyətində şəffaflıq və açıqlıq prinsiplərinin rəhbər tutulması, infrastrukturunun təkmilləşdirilməsi və bu fəaliyyətə elektron xidmətlərin inkorporasiya edilməsi, məhkəmə qərarlarının icra mexanizmlərinin müasirləşdirilməsi, hakim və məhkəmə aparatı işçilərinin sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində verilən tövsiyə və tapşırıqlar məhkəmə-hüquq sistemində institusional potensialın gücləndirilməsinə yönəlmiş ardıcıl tədbirlərin davamı olub.
Fərmanda cəza siyasətinin humanistləşdirilməsi və cinayətlərin dekriminallaşdırılması üzrə tədbirlərin davam etdirilməsi məqsədilə müvafiq qanun layihələrinin hazırlanaraq üç ay müddətində Azərbaycan Respublikası Prezidentinə təqdim edilməsi, həmçinin məhkəmələrdə dövlət ittihamının müdafiəsi və protest verilməsi təcrübəsininin mütəmadi təhlil edilməsi və bu fəaliyyətin keyfiyyətinin artırılması üçün tədbirlərin görülməsi Baş Prokurorluğa tövsiyə edilib.
Bununla əlaqədar Baş Prokurorluqda yaradılmış İşçi qrupu tərəfindən Cinayət, Cinayət-Prosessual və İnzibati Xətalar Məcəllələrinə dəyişikliklər edilməsi haqqında qanun layihəsi hazırlanaraq Ali Məhkəmə, Baş Prokurorluq və Ədliyyə Nazirliyi ilə birgə yaradılmış işçi qrupuna təqdim edilib.
