Məzmuna keç

Şəmkirdə həmyerlisini güllələyən şəxslə bağlı qərar çıxarıldı

Şəmkirdə həmyerlisini güllələyən şəxslə bağlı qərar çıxarıldı

Ali Məhkəmədə qəsdən adam öldürməyə cəhddə və digər cinayətlər törətməkdə təqsirləndirilən Ramin Kərimovun barəsində olan məhkəmə qərarından verilən kassasiya protestinə baxılıb.

E-huquq.az-ın xəbərinə görə, hakim Gülzar Rzayevanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, kassasiya protesti təmin edilib və Gəncə Apellyasiya Məhkəməsinin çıxardığı qərar tamamilə ləğv edilib, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilib.

Qeyd edək ki, hadisə ötən il yanvarın 17-də Şəmkir şəhərinin ərazisində baş verib. Kəlbəcər rayonundan məcburi köçkün olan və Şəmkir rayonunda məskunlaşmış, 1991-ci il təvəllüdlü R.Kərimov həmyerlisi, 1992-ci il təvəllüdlü Mircəlal Mehdiyevi hər iki bud nahiyəsindən güllələyərək yaralayıb.

Daha sonra R.Kərimov saxlanılıb və barəsində Cinayət Məcəlləsinin qəsdən adam öldürməyəc cəhd, qəsdən sağlamlığa ağır zərər vurma, qanunsuz silah saxlama və dələduzluq maddələri ilə ittiham irəli sürülüb.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 16 il müddətə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Gəncə Apellyasiya Məhkəməsi hökmü dəyişib. Belə ki, R.Kərimovun ittiham olunduğu qəsdən adam öldürməyə cəhd maddəsi qəsdən sağlamlığa az ağır zərər vurma maddəsinə tövsif edilib və onun cəzası 16 ildən 5 ilə endirilib. Daha sonra prokurorluq kassasiya protesti ilə Ali Məhkəməyə müraciət edib.