Ali Məhkəmə ləğv edilmiş MTN generalının işi ilə bağlı qərar çıxardı

Ali Məhkəmə ləğv edilmiş MTN generalının işi ilə bağlı qərar çıxardı


  • 1 Avqust 2019 14:54

Ali Məhkəmədə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov, həmin qurumun digər vəzifəli şəxsləri - Füzuli Əliyev, Natiq Alıyev və iş üzrə zərərçəkmiş İlqar Əliyevin barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

E-huquq.az-ın xəbərinə görə, hakim Fərhad Əliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, zərərçəkmiş İlqar Əliyevin kassasiya şikayəti təmin edilməyib.

Xatırladaq ki, ötən məhkəmə iclasında təqsirləndirilən şəxslər kassasiya şikayətini geri götürdüklərini bildirilib. Lakin iş üzrə zərərçəkmiş İ.Əliyevin nümayəndəsi şikayətini geri götürmədiyini söyləyib.

Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov 14 il, Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev 12 il, MTN-in digər vəzifəli şəxsləri - Füzuli Əliyev 14 il, Zaur Məmmədov 10 il 6 ay, Natiq Alıyev 10 il 6 ay, Anar Şirəliyev 3 il, Eşqin Əliyev 3 il müddətinə azadlıqdan məhrum ediliblər.

Digər təqsirləndirilənlər Əməliyyat-Texniki İdarənin rəisi, general-mayor Natəvan Mirvətova 5 il, onun idarəsinin əməkdaşı Fərhad Atayevə 3 il, Elşad Əzizova 3 il sınaq müddəti təyin edilməklə şərti cəza seçilib.

Şərti cəza alan təqsirləndirilən şəxslər məhkəmə zalından azadlığa buraxılıb. Daha sonra məhkumlar apellyasiya şikayəti veriblər. Bakı Apellyasiya Məhkəməsi isə onların şikayətlərini təmin etməyib. Onlar kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət ediblər.

Oxşar xəbərlər