Baş həkimin məhkəmə prosesində şahidlər dindirildi


  • 17 Yanvar 2022 17:42

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Xidmətinin Modul Tipli Hospitalının baş həkimi İmran Ağayev, müəssisənin vəzifəli şəxsləri olan Rüfət Vəlizadə, Taleh İmanlı və Qulu Orucovun cinayət işi üzrə məhkəmə prosesində şahidlər dindirilib.

E-huquq.az-ın xəbərinə görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən iclasda şahid qismində ifadə verən Lamiyə Əzizova bildirib ki, "Medistayl Hospitalı"nın əməkdaşı olub.

O deyib ki, həyat yoldaşı tərəfdən iki pasiyent - Vüqar və Aysel adlı şəxs ona müraciət edib: "Onlara FHN-in Tibb Xidmətinin Modul Tipli Hospitalına yerləşdirilmələrini məsləhət gördük. Bizim vasitə ilə həmin şəxsləri hospitala apardıq. Ambulans haqqı olaraq 300 manat pul ödənildi. Həmin pul da kassaya ödənildi. Xəstənin yaxınları hospitala ümumilikdə 4 min manat pul veriblər".

Daha sonra şahid qismində Babək Əliyev dindirilib. O söyləyib ki, təqsirləndirilən Taleh İmanlı ilə qohumluq münasibətləri var: "O, mənim xalam oğludur. Həmin vaxt Fövqəladə Hallar Nazirliyində işləmişəm. Hazırda isə işsizəm. Mənim onunla heç bir əlaqəm olmayıb".

Məhkəmənin növbəti iclası yanvarın 24-nə təyin edilib.

Qeyd edək ki, istintaq zamanı İmran Ağayevin həmin vəzifədə işləyərkən müəssisənin vəzifəli şəxsləri olan Rüfət Vəlizadə, Taleh İmanlı və Qulu Orucov ilə qabaqcadan əlbir olaraq hospitalın “VİP korpus”larına yerləşdirilərək daha yüksək səviyyəli tibbi və sair təminatla təchiz edilməsi müqabilində 6 nəfər şəxsdən ümumilikdə 10 min 500 manat pul vəsaitini almasına, həmçinin yenidən əmək müqaviləsinin bağlanması yolu ilə həmin müəssisədə fəaliyyətlərini davam etdirmələrinə görə hospitalın ayrı-ayrı əməkdaşlarından cəmi 5 min manat məbləğində pul vəsaitini rüşvət qismində istəməsinə əsaslı şübhələr müəyyən edilib.

İmran Ağayevin fasiləsiz şəkildə müəssisəyə qəbul olunmalarına dair görüntü yaratmaqla COVID-19 pandemiyasından əziyyət çəkən 140 nəfər xəstənin özünün təsisçisi və direktoru olduğu “Medi Style” MMC-nə məxsus Təcili Tibbi Yardım avtomobilləri vasitəsi ilə Modul Tipli Hospitala aparılması müqabilində həmin şəxslərdən xidmət haqqı qismində ümumilikdə cəmi 51 min 600 manat məbləğdə pul vəsaitini almasına əsaslı şübhələr müəyyən edilib.

Həmçinin, İmran Ağayevin müxtəlif tarixlərdə verdiyi COVID-19 test nəticəsi pozitiv çıxmış Rüfət Vəlizadənin (müəssisənin vəzifəli şəxsi) mütəmadi olaraq sərbəst şəkildə tibb müəssisəsinin inzibati binasını tərk edərək sərbəst şəraitdə hərəkət etməsinə şərait yaratmasına, həmin hərəkətləri ilə epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimi qaydalarını pozaraq xəstəliyin yayılması ilə bağlı ağır nəticələrə səbəb olan real təhlükə yaratmasına əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanan sübutlar əsasında İmran Ağayev və digərlərinə müvafiq olaraq Cinayət Məcəlləsinin 139-1.2 (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması ağır nəticələrə səbəb olduqda), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ağır nəticələrə səbəb olduqda), 311.3.1, 311.3.2 (rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar törədildikdə) maddələri ilə yekun ittiham elan edilib.

Oxşar xəbərlər