Bakıda iki nəfərin ölümü ilə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Əhliman Qasımovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, hadisə paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsi istiqamətində qeydə alınıb. Belə ki, Qasımov Əhliman Əziməmməd oğlunun idarə etdiyi “Shacman" markalı yük avtomobili ilə 1989-cu il təvəllüdlü Məhərrəmov Famil Vaqif oğlunun idarə etdiyi “Nissan” markalı avtomobili toqquşub. Nəticədə “Nissan”da olan sərnişinlər – 1963-cü il təvəllüdlü Kərimova Pərvanə Xanlar qızı və 1960-cı il təvəllüdlü Xələfova Təranə Xanlar qızı aldıqları bədən xəsarətlərindən hadisə yerində ölüb, digər sərnişin, 2019-cu il təvəllüdlü Məhərrəmli Vaqif Famil oğlu isə alın nahiyəsinin travması xəsarəti alıb. Əhliman Qasımova qarşı 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi üzrə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
