Bakıda avtobuslarda cibgirlik etməkdə təqsirləndirilən Zöhrab Kəlfəliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib.
İş hakim Nigar Qədirlinin icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin məlumatına görə, paytaxtın Nizami rayonu ərazisində marşrut avtobusunda bir qadının çantasından içərisində 1067 manat, sənəd və bank kartları olan pulqabısını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Zöhrab Kəlfəliyev saxlanılıb. Araşdırmalarla onun müxtəlif vaxtlarda paytaxt ərazisində daha 3 nəfərin cibindən və çantasından ümumilikdə 2000 manatdan çox pul, sənəd və bank kartı olan pulqabılarını oğurlaması da müəyyən olunub. Z. Kəlfəliyevə qarşı Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi üzrə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
