"Bu dəyişikliklər həyat və sağlamlıq əleyhinə olan hüquq pozmalarına qarşı mübarizəni gücləndirəcək" - Əminə Ağazadə


  • 16 May 16:46

"Bu gün müzakirə etdiyimiz Azərbaycan Respublikası Prezidenti tərəfindən təqdim edilən qanun layihəsi çox mühüm dəyişiklikləri ehtiva edir. Bildiyimiz kimi, son zamanlar müvafiq tibb fəaliyyəti ilə məşğul olmağa icazəsi olmayan, ümumiyyətlə ali və ya orta ixtisas tibb təhsili olmayan şəxslərin qanunsuz fəaliyyəti nəticəsində insanların sağlamlığının pozulması, hətta ölümü ilə nəticələnən hadisələrin şahidi olmuşduq. Təqdim edilən qanun layihəsi bu sahədə insanların hüquqlarının qorunması məqsədilə, həyat və sağlamlıq əleyhinə olan hüquq pozmalarına qarşı mübarizənin gücləndirilməsini nəzərdə tutur".

E-huquq.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Əminə Ağazadə parlamentin bu gün keçirilən iclasında "Cinayət Məcəlləsində, Cinayət-Prosessual Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında" Qanun layihəsinin təqdimatı zamanı deyib.

O bildirib ki, bu məqsədlə bir sıra cinayət əməllərinin sanksiyalarında dəyişiklik edilərək, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına alternativ olan digər əsas cəzalar çıxarılmaqla və bu əməllərə görə sağlamlığa vurulan ağır nəticələr tövsifedici əlamətlər kimi ayrı maddələrdə nəzərdə tutulmaqla cəzalar sərtləşdirilir: "Bildirmək istəyirəm ki, qüvvədə olan qanunvericilikdə sağlamlığın qorunması sahəsində şəxslərin hüquqlarının pozulmasını nəzərdə tutan müvafiq maddələr olsa da, son illərdə səhiyyə sahəsində islahatlar aparılaraq tibb fəaliyyəti ilə məşğul olmağı tənzimləyən yeni qaydalar qəbul edilmişdir. Layihədən göründüyü kimi, həm Cinayət, həm də İnzibati xətalar məcəllələrinin müvafiq maddələrinin dispozisiyaları təkmilləşdirilərək səhiyyə qanunvericiliyində müəyyən edilmiş məhz yeni qaydaların pozulması bu hüquq pozmalarının obyekti kimi nəzərdə tutulur"

Deputat qeyd edib ki, bu baxımdan təqdim edilmiş layihə həyat və sağlamlığın qorunması sahəsində cinayət təqibinin səmərəli həyata keçirilməsinə xidmət etməklə, şəxslərin ən vacib konstitusion hüquqlarından olan sağlamlığın qorunması hüququnun daha effektiv reallaşmasını təmin edəcək.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər