- 10 Dekabr 12:56
Azərbaycanda kimlərin əmək müqaviləsinin ləğv olunması qanunla qadağan edilir? Ümumiyyətlə qanunvericilikdə bununla bağlı hansı müddəalar nəzərdə tutulub?
Bununla bağlı e-huquq.az-ın suallarını vəkil Anar Məmişov cavablandırıb.
O qeyd edib ki, Azərbaycan Respublikası Konstitusiyanın 35-ci maddəsinə əsasən, hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır: “Əmək müqavilələri sərbəst bağlanır, heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır (35-ci maddənin II, IV, VI hissələri). Konstitusiyanın 71-ci maddəsinin I və II hissələrinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər hansı ayrı-seçkilik olmadan əmək hüquqlarının həyata keçirilməsi beynəlxalq hüquqi aktlarda da aparıcı yer tutur. İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 23-cü maddəsinin ikinci bəndində, iqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Paktın 7-ci maddəsində hər kəsin hər hansı ayrı-seçkilik olmadan bərabər əməyə görə bərabər haqq almaq hüququ təsbit olunmuşdur”.
A.Mövsümoğu deyib ki, əmək müqavilələrinə xitam verilməsinin əsasları Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsi ilə tənzimlənir: “Həmin Məcəllənin 68.1-ci maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin maddənin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsinin əsasları - tərəflərdən birinin təşəbbüsü, əmək müqaviləsinin müddətinin qurtarması, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər), tərəflərin iradəsindən asılı olmayan hallar, tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallardır.

Vəkil Anar Məmişov
Həmin Məcəllənin 70-ci maddəsinə əsasən, əmək müqaviləsi işəgötürən tərəfindən - müəssisə ləğv edildikdə, işçilərin sayı və ya ştatları ixtisar edildikdə, peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda, sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda, dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda ləğv edilə bilər”.
Onun sözlərinə görə, bununla belə, Azərbaycan Əmək Məcəlləsinin 79-cu maddəsində işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallar öz əksini tapıb: “Hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilər, yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilər, əmək qabiliyyətini müvəqqəti itirən işçilər, işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə işdən azad edilməsi, həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə işçinin işdən azad edilməsi, öhdəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək və ya I qrup əlil ailə üzvü olan işçilərdir. Əmək Məcələsinin yuxarıda qeyd edilən norması həmçinin məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin işəgötürən tərəfindən ləğv edilməsini qadağan edir. Lakin yuxarıda qeyd olunan qadağa 2 hala şamil edilmir: - müəssisənin ləğv edilməsi və müddətli əmək müqaviləsinin müddətinin bitməsi”.