Məzmuna keç

Vəkil: “Kommersiya məhkəmələrinə ən azı 100 hakim ştatı verilməlidir ki, baxılan işlərdə keyfiyyət olsun”

Hər 50000 sahibkara 1 hakim düşür ki, bu da çox acınacaqlı bir haldır.

"İstənilən cəmiyyətdə inkişafa nail olmaq istəyirsənsə, həmin cəmiyyətin məhkəmə sistemində ədaləti və məhkəmə hakimiyyətinin müstəqilliyini təmin etmək gərəkdir".

Bunu E-huquq.az-a vəkil Əziz Qənbərov bildirib.

""Məhkəmə-hüquq sistemində islahatların dərinləşməsi" haqqında Azərbaycan Respublikası Prezidentinin 03.04.2019-cu il tarixli Fərmanı bir vəkil olaraq mənim də diqqətimi cəlb edən bir Fərmandır. Zaman-zaman ölkə rəhbəri bu sahədə çoxsaylı sənədlər qəbul etsə də, son qəbul edilən Fərmanı daha geniş və məhkəmə-hüquq sistemində olan çatışmamazlıqların aradan qaldırılması baxımından önəmli bir sənəd kimi qəbul edirəm. Əsas qanunun qəbul edilməsi yox, onun icrası ilə bağlı ortaya qoyulmuş iradədir", – deyə, vəkil qeyd edib.

Onun sözlərinə görə, Azərbaycanda 01 mart 2019-cu il tarixə olan statistikaya əsasən, qeydiyyatdan olan sahibkarlıq (kommersiya) subyektlərinin sayı 988158-dir: "Yəni bir milyona az qalıb. Lakin inzibati-iqtisad məhkəmələrində olan hakimlərin sayı isə cəmi 39-dur. Təcrübəmə əsasən deyə bilərəm ki, bunun təxminən 50%-i inzibati (inzibati orqanların hərəkət və hərəkətsizliyi ilə bağlı mübahisələr) işlərə baxır. Deməli ölkə üzrə bir milyon sahibkarın işinə cəmi 20 hakim baxır. Hər 50000 sahibkara 1 hakim düşür ki, bu da çox acınacaqlı bir haldır. İş həcminin çox olduğu yerdə keyfiyyətli işdən söhbət gedə bilməz. Bu baxımdan kommersiya məhkəmələrinin yaradılması çox əhəmiyyətli bir addım olardı ki, ölkə rəhbəri də artıq bununla bağlı iradəsini ortaya qoyaraq Milli Məclisə öz təklifini vermişdir. Mən hesab edirəm ki, kommersiya məhkəmələrinə ən azı 100 hakim ştatı verilməlidir ki, baxılan işlərdə keyfiyyət olsun. Ölkənin iqtisadi gücü nə qədər çox olarsa, ölkənin siyasi gücü də bir o qədər yüksək olar. Dövlətin iqtisadi gücünü təşkil edən əsas factor sahibkarlıq (kommersiya) subyekytlərinin dövlətə ödədiyi vergilər və digər icbari ödənişlər təşkil edir. Əgər sahibkarlıq subyektləri azad rəqabət şəraitində fəaliyyət göstərməzlərsə və üzləşdiyi hər hansı bir haqsızlıqla bağlı güvənəcəyi bir məhkəmə olmazsa bu sahənin inkişafından danışmaq yersizdir".