Məzmuna keç

Qəza şəraiti yaradan piyadaların da cinayət məsuliyyətinə cəlb edilməsi təklif edilir

Azərbaycanda yol-nəqliyyat hadisələrinin baş verməsində təkcü sürücülərin deyil, piyadaların da məsuliyyəti çoxdur

“Əgər vətəndaş piyada zolağı olmayan yerdən yolu keçərsə, baş verəcək hər hansı bədbəxt hadisədə sürücünün günahı yoxdur. Bu baxımdan mən təklif edirəm ki, Cinayət Məcəlləsinin belə bir maddə daxil edilsin ki, piyadalar piyada zolağından və ya piyadalar üçün nəzərdə tutulan keçiddən istifadə etmirsə, sürücünün hərəkətinə mane olursa, baş verəcək yol-nəqliyyat hadisəsində məhz piyada haqqında cinayət işi başlanılsın.”

E-huquq.az xəbər verir ki, bu təkliflə vəkil, uzun müddət yol-nəqliyyat hadisələrini araşdıran sabiq müstəntiq Səyyad Mirzəyev çıxış edib.

O deyib ki, Azərbaycanda yol-nəqliyyat hadisələrinin baş verməsində təkcə sürücülərin deyil, piyadaların da məsuliyyəti çoxdur.

“Təsüdüfi deyil ki, keçid olmayan yerdə piyada qəfildən sürücünün qarşısına çıxır və sürücü də piyadanı vurmamaq üçün avtomobili başqa istiqamətə hərəkət elətdirir, bu zaman da qəza baş verir. Belə halda birmənalı olaraq, günah piyadada olur. Ancaq piyada haqqında heç bir tədbir görülmür və sürücü cinayət məsuliyyətinə cəlb edilir. Hesab edirəm ki, bu sahədə boşluq var. Piyadaların da məsuliyyətini artıran maddə qanunvericiliyə əlavə edilməlidir. Düzdür, piyadaların qanunsuz yol keçmələrinin qarşısını almaq üçün cərimələr tətbiq edilir. Lakin hələ ki, bunun ciddi bir nəticəsi görünmür. Piyadalara gərək ciddi təziqlər göstərilsin, cərimələr artırılsın. Hesab edirəm ki, 70 faiz yol-nəqliyyat hadisəsində günah piyadalarda olur" – deyə, S. Mirzəyev qeyd edib.