- 16:06
Prezident İlham Əliyev 1 iyul 2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş hüquqi aktların "Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi qaydaları haqqında Əsasnamə"də və 6 oktyabr 2023-cü il tarixli fərmanı ilə təsdiq edilmiş "İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında Əsasnamə"də dəyişiklik edib.
E-huquq.az xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.
Fərmana əsasən, hüquqi aktlar Ədliyyə Nazirliyinə daxil olduğu gündən 15 iş günü müddətində Dövlət Reyestrinə daxil edilmək üçün qəbulundan imtinaya əsas olub-olmamasına dair yoxlanılır. Hüquqi aktlar Dövlət Reyestrinə daxil edilmək üçün təqdim olunduqdan sonra yeddi iş günü müddətində Dövlət Reyestrinə daxil edilmək üçün qəbulundan imtina edilməyibsə, həmin aktlar Dövlət Reyestrinə daxil edilmiş hesab olunur və rəsmi dərc edilməlidir, bu şərtlə ki, həmin müddət bitdikdən sonra bir iş günü ərzində Ədliyyə Nazirliyi tərəfindən hüquqi aktın Dövlət Reyestrinə vaxtında daxil edilməməsinin səbəbləri barədə hüquqi aktı qəbul etmiş orqana (quruma) əsaslandırılmış məlumat verilməmiş olsun. İndiyə qədər həmin müddətlər 7 gün olub.
Bundan başqa, mərkəzi icra hakimiyyəti orqanının normativ hüquqi aktı Dövlət Reyestrinə daxil edilmək üçün təqdim olunduqdan sonra 15 iş günü (indiyə qədər 7 iş günü olub) müddətində Dövlət Reyestrinə daxil edilmək üçün qəbulundan imtina edilməyibsə, həmin akt Dövlət Reyestrinə daxil edilmiş hesab olunur və rəsmi dərc edilməlidir, bu şərtlə ki, həmin müddət bitdikdən sonra 1 iş günü ərzində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən normativ hüquqi aktın Dövlət Reyestrinə vaxtında daxil edilməməsinin səbəbləri barədə həmin orqana əsaslandırılmış məlumat verilməmiş olsun.