Məzmuna keç

İlham Əliyev “Azər-Türk Bank”la bağlı fərman imzaladı

Prezident İlham Əliyev “Azər-Türk Bank” ASC-nin idarə edilməsinin təkmilləşdirilməsi haqqında fərman imzalayıb.

E-huquq.az xəbər verir ki, fərmana əsasən, Bankın nizamnamə kapitalında dövlətə məxsus səhmlərin imkan verdiyi dərəcədə ümumi yığıncağın səlahiyyətlərinə aid edilmiş məsələlərin həllində dövlətin adından iştiraketmə hüququ aşağıdakılara həvalə olunub:

Azərbaycan Respublikasının Prezidentinə:

– Bankın satılması, yenidən təşkili və ləğvi;

Prezidentlə razılaşdırmaqla, Azərbaycan İnvestisiya Holdinqinə:

– Bankın Müşahidə Şurasının üzvlərinin, o cümlədən onun rəhbərinin vəzifəyə seçilməsi və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi;

– Bankın icra orqanının rəhbərinin vəzifəyə seçilməsi, onun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi;

– müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri kredit təşkilatının aktivlərinin 5 (beş) faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul edilməsi;

– Bankın nizamnamə kapitalının artırılması və azaldılması barədə qərar qəbul edilməsi, səhmlərinin buraxılması müddətlərinin və şərtlərinin müəyyənləşdirilməsi, habelə mühüm iştirak payının əldə edilməsinə razılıq verilməsi;

– Bankın kənar auditorun təsdiqlədiyi və Audit Komitəsinin tövsiyə etdiyi illik maliyyə hesabatlarının təsdiq edilməsi, habelə xalis mənfəət hesabına ehtiyatların yaradılması və dividendlərin ödənilməsi barədə qərar qəbul edilməsi;

– Bankın nizamnaməsinin təsdiq edilməsi və onun dəyişdirilməsi;

– Bankın törəmə təsərrüfat cəmiyyətlərinin yaradılması və fəaliyyətlərinə xitam verilməsi, başqa bankın satın alınması barədə qərarlar qəbul edilməsi;

– Mülki Məcəllə, “Banklar haqqında” qanunuvə Bankın Nizamnaməsi ilə ümumi yığıncağın səlahiyyətinə aid edilmiş digər məsələlərin həll edilməsi.

Bundan başqa, fərmanda deyilir ki,

– Bankın fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti sədr də daxil olmaqla, 3 üzvdən ibarət Müşahidə Şurası həyata keçirir;

– Bankın Müşahidə Şurasının “Banklar haqqında” qanunun 24.1.2–24.1.6-cı, 24.1.7-ci (icra orqanının üzvlərinin, o cümlədən onun rəhbər müavinlərinin vəzifəyə seçilməsinə və onun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsinə münasibətdə) və 25-ci maddələrində nəzərdə tutulmuş səlahiyyətləri var.

Azərbaycan İnvestisiya Holdinqi bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.