"Sülh müqaviləsinin imzalanması üçün Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması zəruridir"


  • 7 Oktyabr 10:08

"Mövcud qlobal və regional təhlükəsizlik çağırışlarının qarşısında hərtərəfli siyasi koordinasiya və həmrəylik nümayişi son dərəcə vacibdir”.

E-huquq.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının toplantısında deyib.

Nazir bildirib ki, formalaşmaqda olan yeni beynəlxalq təhlükəsizlik arxitekturasında Türk Dövlətləri Təşkilatı güc birliyinin simvolu kimi daha mühüm rol oynamaq potensialına malikdir: “Azərbaycanın onilliklər boyunca münaqişə vəziyyətində olduğu Ermənistan ilə normallaşma prosesi istiqamətində göstərdiyi ardıcıl səylər, məqsədyönlü fəaliyyətlər də regionumuzda sülh və sabitliyin bərqərar edilməsinə hesablanıb.

Məlum olduğu kimi, 2023-cü ildə Azərbaycan öz suverenliyini tam bərpa etdikdən sonra Ermənistanla münasibətlərin normallaşması istiqamətində tərəflər arasında birbaşa təmaslar və birgə səylərin intensivliyi daha da artıb. Bu çərçivədə 8 avqustda ABŞ-da keçirilən Zirvə görüşü və imzalanan sənədlər tarixi əhəmiyyət daşıyır. Bu tarixi fürsətin düzgün dəyərləndirilməsi və sülh müqaviləsinin imzalanması üçün Ermənistan tərəfindən Azərbaycana qarşı Konstitusiya səviyyəsində təsbit olunan ərazi iddialarının aradan qaldırılması zəruridir”.

Nazir həmçinin bildirib ki, azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işlərində TDT üzvlərinin iştirakı bütün təşkilat çərçivəsində əməkdaşlığa da əlavə dəyər qatır, əlavə imkanlar yaradır: "Azərbaycan TDT-nin daha beynəlxalq nüfuzunun daha da artırılması məqsədilə təşkilatımızın katibliyinin funksionallığının gücləndirilməsi və onun kadr potensialının artırılmasına tərəfdardır. Əminəm ki, bugünkü iclas zamanı aparılan müzakirələr dost və qardaş xalqlarımızın, bütövlükdə regionunun inkişafına töhfə verəcək".

mənbə: apa

Oxşar xəbərlər