Ersin Tatar ŞKTC, Azərbaycan və Türkiyə parlamentlərarası dostluq qruplarının rəhbərləri ilə görüşdü - FOTO


  • 14 Oktyabr 20:51

Oktyabrın 14-də Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Ersin Tatar ŞKTC, Azərbaycan və Türkiyə parlamentlərarası dostluq qruplarının rəhbərləri ilə görüşüb.

E-huquq.az xəbər verir ki, Lefkoşadakı Prezident Kompleksində keçirilən görüşdə Azərbaycan tərəfindən Milli Məclisin ŞKTC ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavanşir Feyziyev, Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun rəhbəri Əhliman Əmiraslanov və Milli Məclisin bir neçə deputatı iştirak edib.

Görüş iştirakçıları qarşısında çıxış edən Ersin Tatar Türk Dövlətləri Təşkilatının (TDT) Qəbələdə bu yaxınlarda keçirilmiş Zirvə Görüşünün nəticələrini yüksək qiymətləndirib. O, həmçinin Zirvə Görüşünə dəvətə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

O qeyd edib ki, prezident olduğu ilk gündən türk ölkələri ilə sıx dialoqa can atıb.

E.Tatar bütün beynəlxalq platformalarda ŞKTC-nin ədalətli mövqeyini fəal şəkildə dəstəkləyən Türkiyənin siyasətini də yüksək qiymətləndirib.

Öz növbəsində Ə.Əmiraslanov Azərbaycan ilə ŞKTC arasında dostluq əlaqələrinin hərtərəfli inkişaf etdiyini qeyd edərək, oktyabrın 19-na təyin edilmiş ŞKTC-də prezident seçkilərinin uğurla keçiriləcəyinə ümidvar olduğunu bildirib.

Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun rəhbəri Şimali Kipr ilə digər ölkələr tərəfindən də parlamentlərarası dialoqun inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Oxşar xəbərlər