İrəvanda Ermənistan və Azərbaycan nümayəndələri arasında dəyirmi masa keçirildi - FOTO


  • 20:22

Ermənistan və Azərbaycanın ekspert icmalarının bir qrup nümayəndəsinin təşəbbüsü və rəsmi strukturların dəstəyi ilə İrəvanda hər iki ölkənin vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə ikitərəfli dəyirmi masa keçirilib.

E-huquq.az xəbər verir ki, bu barədə ölkənin Təhlükəsizlik Şurasının ofisi məlumat yayıb.

Tədbirdə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da iştirak edib.

Dəyirmi masada Ermənistan tərəfindən Areq Koçinyan, Boris Navasardyan, Naira Sultanyan, Narek Minasyan və Samvel Meliksetyan iştirak ediblər. Azərbaycan tərəfini isə Fərhad Məmmədov, Rusif Hüseynov, Ramil İsgəndərli, Kəmalə Məmmədova və Dilarə Əfəndiyeva təmsil edib.

Müzakirələr zamanı iştirakçılar Ermənistan və Azərbaycan arasında sülh prosesinin perspektivləri, humanitar məsələlər, normallaşan münasibətlər kontekstində iqtisadi və logistik imkanlar və gələcək etimad quruculuğu tədbirləri də daxil olmaqla, geniş spektrli aktual məsələləri müzakirə ediblər. Qrup tərəfindən birgə fəaliyyət planlarının və perspektivlərinin işlənib hazırlanmasına xüsusi diqqət yetirilib.

A.Qriqoryan bu tədbirin əhəmiyyətini vurğulayıb. O, belə görüşlərin İrəvanla Bakı arasında normallaşma prosesinin tərkib hissəsi kimi keçirilməsini yüksək qiymətləndirərək, onların iki ölkə cəmiyyətləri arasında etimadın möhkəmləndirilməsi və birbaşa əlaqələrin qurulmasına yönəldiyini qeyd edib.

İştirakçılarla görüşdə o, cəmiyyətin müxtəlif təbəqələrinin cəlb edilməsinin yalnız sülhü möhkəmləndirəcəyini söyləyib.

Vətəndaş cəmiyyəti nümayəndələri qarşılıqlı etimadın, əməkdaşlığın möhkəmləndirilməsinə, regionda davamlı sülhün əldə olunmasına yönəlmiş bu cür təşəbbüslərin davam etdirilməsinin vacibliyini vurğulayıblar.

Oxşar xəbərlər