- 19:05
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İtaliyaya rəsmi səfəri çərçivəsində San Marino Respublikasının xarici işlər, siyasi məsələlər, beynəlxalq iqtisadi əməkdaşlıq və rəqəmsal keçid naziri Luka Bekkari ilə görüşüb.
E-huquq.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Görüş zamanı Azərbaycan–San Marino münasibətlərinin mövcud vəziyyəti və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər iki ölkə arasında siyasi dialoqun genişləndirilməsi, Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhələşmələr mexanizminin, qarşılıqlı səfərlərin intensivləşdirilməsi və əməkdaşlığın müxtəlif istiqamətlər üzrə inkişaf etdirilməsi üçün imkanların mövcud olduğunu vurğulayıblar.
Nazirlər iqtisadi-ticarət əlaqələrinin dərinləşdirilməsi, investisiya imkanlarının araşdırılması, turizm, təhsil və humanitar sahələrdə əməkdaşlığın təşviqi üçün qarşılıqlı maraq ifadə ediblər. C. Bayramov Azərbaycanın regionda sülh və sabitlik naminə həyata keçirdiyi təşəbbüslər, Ermənistanla normallaşma prosesi, o cümlədən Vaşinqton Birgə Bəyannaməsi çərçivəsində əldə olunmuş razılaşmalar və işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri barədə həmkarına məlumat verib.
Görüş zamanı, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri, eləcə də Yaxın Şərqdə vəziyyət, Rusiya-Ukrayna münaqişəsi və qarşılıqlı maraq doğuran digər regional və qlobal məsələlər üzrə fikir mübadiləsi aparılıb.