Azərbaycan və Böyük Britaniya arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edildi


  • 18:38

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanda rəsmi səfərdə olan Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Koakerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

E-huquq.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Müdafiə naziri Azərbaycan ilə Böyük Britaniya arasında hərbi sahədə əlaqələrin xüsusi əhəmiyyət daşıdığını və bunun hər iki tərəfin ordusunun inkişafında müsbət rol oynadığını bildirib.

General-polkovnik Zakir Həsənov ötən il Azərbaycanda Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hərbi Attaşelik Aparatının təsis edilməsinin əhəmiyyətini vurğulayıb.

Lord Vernon Koaker Birləşmiş Krallığın Azərbaycan ilə hərbi əlaqələrin daha da genişləndirilməsində maraqlı olduğunu diqqətə çatdırıb. Qarşılıqlı səfərlərin və müxtəlif formatlarda keçirilən görüşlərin təcrübə mübadiləsi baxımından səmərəli olduğunu xüsusi vurğulayıb.

Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı fövqəladə və səlahiyyətli səfiri cənab Elin Süleymanov və Birləşmiş Krallığın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Fergus Auldun da iştirak etdikləri görüşdə iki ölkə arasında hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində qonaqlar, həmçinin "Zabit ixtisas hazırlığı" kursunun gənc zabitlərinin iştirakı ilə keçirilən "Təlimatçı hazırlığı" kursunun növbəti buraxılış mərasimində iştirak ediblər.

Azərbaycan Ordusunun Baş Qərargahında keçirilən mərasimdə Azərbaycan Respublikasının müdafiə nazirinin müavini - Baş direktor cənab Aqil Qurbanov kursun keçirilməsində göstərdikləri dəstəyə görə Birləşmiş Krallığın nümayəndə heyətinə təşəkkürünü bildirib.

Oxşar xəbərlər