- 12:25
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 5 dekabr 2025-ci il tarixində Avstriyaya işgüzar səfəri çərçivəsində Azərbaycan Araşdırmaları üzrə 4-cü Avropa Konfransında iştirak edib və çıxış edib.
E-huquq.az xəbər verir ki, bu barədə XİN məlumat yayıb.
Tədbirdə siyasətçilər, “beyin mərkəzləri”, akademik dairələr və müstəqil ekspertlər Azərbaycanının strateji baxışı və xarici siyasət prioritetlərinin müzakirəsi üçün bir araya gəliblər.
Dairəvi masa müzakirələri zamanı nazir Bayramov Azərbaycanın regionda sabitləşdirici qüvvə kimi artan rolunu vurğulayıb.
Nazir multilateral əməkdaşlığın daha çox etibarlılığa və real nəticələrə ehtiyac duyduğu bir dövrdə Azərbaycanın çoxtərəfli formatlarda əldə etdiyi nailiyyətlər barədə tədbir iştirakçılarını məlumatlandırıb.
Ceyhun Bayramov həmçinin Azərbaycanın 2026-cı ildə 13-cü Dünya Şəhərsalma Forumuna və Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edəcəyini diqqətə çatdırıb. Bu qlobal platformaların dayanıqlı urbanizasiya, möhkəm yaşayış mühiti, təmiz enerji infrastrukturu və iqlim maliyyələşməsinin səfərbərliyi kimi istiqamətləri regional və beynəlxalq məsuliyyət çərçivəsində birləşdirəcəyi bildirilib.
Nazir çıxışında 8 avqustda Vaşinqtonda keçirilən Sülh Sammitinin nəticələrinə də toxunub. Sammitdə imzalanmış Üçtərəfli Birgə Bəyannamə və digər vacib sənədlərin post-münaqişə dövrünün yeni regional reallıqlarının beynəlxalq səviyyədə qəbulunu əks etdirdiyini vurğulayıb. O, həmçinin ATƏT-in Minsk prosesi üzrə bütün strukturlarının bağlanmasının tamamlandığını xatırladıb.
Ceyhun Bayramov Azərbaycanın bütün tərəfdaşlarla körpüquran diplomatiyanı və əməkdaşlığı davam etdirməyə hazır olduğunu bildirib. O, Xəzər və Qara dəniz hövzələrini birləşdirən nəqliyyat və bərpa olunan enerji dəhlizlərinin gücləndirilməsinin, habelə sülhün, regional əlaqəliliyinin, iqtisadi təhlükəsizliyin və dayanıqlığın Azərbaycanın gələcək diplomatik fəaliyyətinin əsas dayaqları olaraq qalacağını vurğulayıb.