- 21:05
Prokurorluq orqanlarında qulluğa qəbul olunmaq istəyən şəxslər üçün aprelin 15-də elan edilmiş 27-ci müsabiqəyə yekun vurulub.
Baş Prokurorluğun Mətbuat xidmətindən e-huquq.az-a verilən məlumata görə, müsabiqənin sonuncu mərhələsinə buraxılmış 71 namizədin dünyagörüşünü, məntiqi düşünmə qabiliyyətini, prokurorluqda işləmək üçün zəruri olan digər şəxsi keyfiyyətlərini müəyyən etmək məqsədilə 04-12 dekabr tarixləri ərzində Baş Prokurorluğun Müsabiqə Komissiyası tərəfindən müsahibə keçirilib.
Müsabiqənin nəticələrinə görə yüksək nəzəri bilikləri, hüquqi aktları düzgün tətbiq etmək bacarığı və mövcud vakant ştat vahidlərinin sayı nəzərə alınmaqla, prokurorluğun kadr korpusunun komplektləşdirilməsinin təmin edilməsi məqsədilə müsabiqə üzrə elan edilmiş vakant yerlərin sayı Baş Prokurorluğun Kollegiyasının 12 dekabr tarixli qərarına əsasən artırılaraq 51 ştat vahidi müəyyən edilib.
Azərbaycan Respublikası Baş Prokurorluğunun «İşin Təşkili Qaydaları»na əsasən müsabiqə üzrə müvəffəqiyyət qazanmış 51 namizəd 15 dekabr 2025-ci il tarixdən Baş Prokurorluğun Elm-Tədris Mərkəzində (Bakı şəhəri Binəqədi rayonu S.S.Axundov küçəsi 160) icbari təlimə cəlb ediləcəklər.
İcbari təlimi müvəffəqiyyətlə başa vurduqdan sonra peşə fəaliyyətinə buraxılma haqqında şəhadətnamə almış gənc mütəxəssislər prokurorluq orqanlarında müvafiq vakant ştat vahidlərinə təyin olunacaqlar.
Prokurorluqda qulluğa qəbulla bağlı elan edilmiş müsabiqədən müvəffəqiyyətlə keçmiş şəxslərin siyahısı Baş Prokurorluğun rəsmi internet səhifəsində (www.genprosecutor.gov.az) və sosial şəbəkə hesablarında yerləşdirilib.