- 21:14
Bu ilin hazırlıq planına əsasən, “Konstitusiya və Suverenlik İli” ilə əlaqədar Quru Qoşunlarının hərbi hissələrində silsilə tədbirlər keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən e-huquq.az-a verilən məlumata görə, tədbirlərdə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərimizin xatirələri bir dəqiqəlik sükutla anılıb, Azərbaycanın Dövlət Himni səsləndirilib.
Çıxış edənlər Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunmasının önəmini qeyd ediblər. Bildirilib ki, bu qərar hüquqi, siyasi və ictimai sahələrdə xüsusi əhəmiyyət daşıyır və ölkənin inkişaf prosesinə mühüm töhfə verir.
Tədbirlərin davamında Ali Baş Komandanın rəhbərliyi altında Ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbə, bu Zəfərin əldə olunmasında xalqın misilsiz birliyi və igid döyüşçülərimizin qəhrəmanlıqları xatırlanıb, şəhidlərin əziz xatirəsinin hər zaman hörmətlə anılacağı vurğulanıb.
Azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı quruculuq və bərpa işlərinin, eləcə də “Böyük Qayıdış”ın dövlətimizin və xalqımızın Vətən torpaqlarına verdiyi yüksək dəyərin bariz nümunəsi olduğu diqqətə çatdırılıb.