“İlqar Məmmədovun azadlığa buraxılması ölkədə insan haqlarının və fundamental azadlıqlarının qorunmasının, həmçinin mövcud olan sağlam siyasi münasibətlərin təzahürüdür”.
E-huquq.az xəbər verir ki, bu fikirləri politoloq Yusif Bağırzadə REAL-çılar – İlqar Məmədov və Rəsul Cəfərovun Ali Məhkəmənin Plenumunda bəraət almalarına münasibət bildirərkən deyib.
O bildirib ki, Prezidentin siyasi və məhkəmə islahatları çağırışının nəticəsi olaraq bu gün bir sıra sahələrdə baş verən irəliləyişlər göz qabağındadır: "Prezidentin dialoq təklifi və bu təklifə uyğun olaraq Prezident Adminstratiyasının Siyasi Partiyalarla İş şöbəsinin hər hansı ilkin şərt irəli sürmədən bütün siyasi partiyalarla görüşləri artıq öz səmərəsini göstərməkdədir. REAL partiyasının sədri İlqar Məmmədovun və partiya üzvü Rəsul Cəfərovun Ali Məhkəmənin Plenumunda bəraət almaları, eləcə də onların hər ikisinə maddi təzminat ödənilməsi ilə bağlı qərar sağlam iqtidar-müxalifət münasibətlərinin göstəricisidir".
Y. Bağırzadə onu da qeyd edib ki, bu, yeganə hal deyil: "Uzun zamandır fəaliyyət göstərmələrinə baxmayaraq qeydə alınmayan iki siyasi partiyanın Ədliyyə Nazirliyi tərəfindən rəsmi olaraq qeydə alınması, müxalif siyasi partiya olan Azadlıq Pariyasının sədri Əhməd Orucun, eləcə də hüquq müdafiəçisi Oqtay Güləliyevin Heydər Əliyev fondu tərəfindən müalicəsinin Türkiyədə davam etdirilməsi hakimiyyətin, o cümlədən şəxsən cənab Prezidentin və Mehriban xanımın humanist keyfiyyətlərini sübut edir. Bu baxımdan ölkədə sağlam siyasi münasibətlərin qurulması dövlət siyasətinin əsas mahiyyətini bir daha təsdiqləyir. Bu münasibətlərə hər vəclə kölgə salmağa çalışan, dialoqlardan imtina yolunu tutmuş Milli Şura təmsilçiləri də anlamalıdırlar ki, artıq heç bir əsası olmayan populist çıxışlar dövrü deyil. Vətəndaşlarımız artıq hər şeyi görür və kimin kim olduğunu bilir. Problemlərin sivil qaydada müzakirələr əsasında həlli yeganə düzgün yoldur”.
