"Son dövrlər ölkəmizdə yerli və mərkəzi icra hakimiyyəti orqanlarında, hökumətdə, eləcə də parlamentdə islahatlar həyata keçirilir. Bu islahatlar bütün sahələri əhatə edir. Bildiyiniz kimi, 3 aprel 2019-cu ildə Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı imzalanıb. Bu fərmandan sonra məhkəmə sistemində islahatların dərinləşməsi həyata keçirilir. Bu təyinatlar da həmin islahatların tərkib hissəsidir".
Bunu e-huquq.az-a açıqlamasında deputat, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Əminə Ağazadə parlament tərəfindən Ali Məhkəmə və Bakı Apelyasiya Məhkəməsinə hakimlərin təyin edilməsinin təsdiqlənməsi haqqında məsələyə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, hər bir hakim peşəkarlıqla yanaşı, yüksək mənəvi keyfiyyətə də malik olmalıdır: "Bir hüquqşünas kimi hesab edirəm ki, hakimlik hüquqşünaslığın ən ali zirvələrindən biridir. Hakimlər ədalət mühakiməsini həyata keçirir və insanların taleyini həll edirlər. Mən əminəm ki, yeni təyin olunan hakimlər məhz bu qəbildəndirlər. Əksəriyyətini özüm şəxsən də tanıyıram, onların arasında beynəlxalq təcrübəyə malik olan şəxslər var. Burada Ramin Qurbanov, Çingiz Əsgərovun adını qeyd etmək olar. Burada mənim keçmiş həmkarlarım da var ki, onlar prokurorluqda işləyən şəxslərdir. Onların hamısı yüksək peşəkarlığa, həmçinin mənəvi keyfiyyətlərə malikdirlər".
Deputat prokurorluq orqanlarındakı təyinatlardan da danışıb. O qeyd edib ki, yeni Baş prokuror Kamran Əliyev də kifayət qədər beynəlxalq təcrübəyə malik olan şəxsdir: "Bilirsiniz ki, o, Beynəlxalq Prokurorlar Assosiyasiyasının vitse-prezidentidir. Qeyd etdiyim ki, hakimlərin də aralarında beynəlxalq təcrübəyə malik şəxslər var. Hesab edirəm ki, onlar bu geniş təcrübələrini hakimlik sistemində və bütün sahələrdə tətbiq edəcəklər".
