“Bu qərar bir daha onu göstərir ki, dövlət çevik və genişmiqyaslı sosial dəstək tədbirləri ilə vətəndaşının yanındadır”.
Bunu e-huquq.az-a açıqlamasında politoloq Yusif Bağırzadə Nazirlər Kabinetinin Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron, Yevlax, Cəlilabad, Masallı rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi haqqında qərarını şərh edərkən deyib. O bildirib ki, Azərbaycan sosial dövlətdir və Prezident İlham Əliyevin siyasətinin mərkəzində vətəndaş amilinin dayanması əhalinin rifahının təminatı istiqamətində atılan mühüm addımlarda, ildən-ilə genişlənən sosial proqramlarda əyani təsdiqini tapır.
"Koronavirus pandemiyası dövründə də "Bizim üçün əsas məsələ vətəndaşların sağlamlığı, insanlarımızın həyatıdır” deyən dövlət başçısının güclü sosial siyasəti əhalinin sağlamlığının qorunması üçün kompleks tədbirlərlə yanaşı, çevik və genişmiqyaslı sosial dəstək proqramlarının hazırlanaraq həyata keçirilməsinə imkan verir. Xatırlayırsınızsa, hələ 19 mart 2020-ci il tarixdə cənab Prezidentin sərəncamına müvafiq olaraq məşğulluğa və sosial rifaha dəstəyin təmin olunması üçün çoxistiqamətli proqramlar müəyyən edilmişdi. Ümumilikdə Tədbirlər Planı üzrə ayrılan vəsait ilk vaxtlar 2,5 milyard manat nəzərdə tutulsa da, dövlət başçısının tapşırığı ilə dəstək tədbirlərinin genişləndirilməsi nəticəsində bu vəsaitin məbləği 3,5 milyard manatı üstələmişdir. Nəticədə Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq Nazirlər Kabinetinin təsdiqlədiyi Tədbirlər Planı əsasında ölkəmizdə pandemiya ilə əlaqədar 4,8 milyon vətəndaşı əhatə edən məşğulluğa və sosial rifaha dəstək tədbirləri həyata keçirilmiş, sahibkarlar, aztəminatlı ailələr, müvəqqəti olaraq işini itirmiş şəxslərlə yanaşı 600 min vətəndaşımız iki ay ərzində 190 manat məbləğində yardım paletindən istifadə etmişdir. İndi də 2 həftəlik karantin müddətində karantinin tətbiq olunduğu şəhər və rayonlar üzrə 190 manat vəsaitin verilməsi haqqında qərarın qəbul olunması bir daha dövlət siyasətinin mərkəzində vətəndaş amilinin dayandığını sübut edir, əhalimiz üçün sosial dayaq, mühüm sosial müdafiə rolunu oynayır", – deyə politoloq qeyd edib.
