Sülhsevər xalqımız bütün qonşularına həmişə mehriban münasibət göstərmişdir. Lakin təəssüflər olsun ki, ölkəmizə qarşı ədalətsiz və qanunsuz ərazi iddiaları səbəbindən özümüzü müdafiə etməyə məcbur qalmışıq. Artıq 30 ildir ki, Ermənistan torpaqlarımızı işğal edib və dünya birliyi təəssüf ki, buna hələ də göz yumur.
12-15 iyul tarixlərində Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağın işğal olunmuş ərazilərindən çox uzaq məsafədə yerləşən Tovuz rayonunda baş verən hadisələr, Ermənistanın öz məkrli davranışlarını və işğalçılıq siyasətini bir daha sübut etdi. Bütün dünya və bütün beynəlxalq təşkilatlar Azərbaycan Respublikasının ərazi bütövlüyünü tanıyır və dünyada heç bir ölkə Dağlıq Qarabağı beynəlxalq hüququn müstəqil subyekti kimi qəbul etmir. Beynəlxalq təşkilatlar, ölkələr, eləcə də bütün dünya birliyi bu məsələdə öz mövqelərini göstərməli və sübut etməlidirlər! Əks təqdirdə, Ermənistan beynəlxalq hüququn bütün normalarına qəsd etməklə başqa bir dövlətin suverenliyinin pozulması üçün çirkin bir presedent yarada bilər.
Bununla əlaqədar olaraq, özümüzü müdafiə etmək və bütün qanunsuz erməni silahlı birləşmələrini Azərbaycan Respublikası ərazisindən zorla çıxarmaq hüququmuz var. Bu, bizim suveren hüququmuzdur! Bu vəziyyətdə Qanun və Allah bizim tərəfimizdədir!
Şaiq Mirzəyev
Hüquq elmləri üzrə fəlsəfə doktoru, Vəkillər Kollegiyasının üzvü, vəkil, "Mirzayev and Partners Legal Firm" hüquq şirkətinin rəhbəri
