Məzmuna keç

“Ermənistanın Ordubadı hədəfə almasında məqsəd Azərbaycanı təxribata çəkməkdir” –

“Ermənistanın Naxçıvanı hədəfə alması Gəncəni və Mingəçeviri hədəf alması ilə eyni məntiqə əsaslanır”.

Bunu e-huquq.az-a açıqlamasında Xəzər Müdafiə Tədqiqatları Mərkəzinin rəhbəri, hərbi ekspert Ramil Məmmədli deyib. Onun sözlərinə görə, Ermənistan yanlış addımlar atmaqda davam edir: “Onların məqsədi Azərbaycan Respublikasını təxribata çəkmək və Azərbaycanın Ermənistan ərazisində hərbi əməliyyat keçirməyə məcbur etməkdir. Bu, hərbi-siyasi baxımdan Ermənistan üçün böyük səhvdir. Çünki Ermənistan anlamalıdır ki, Naxçıvan Muxtar Respublikasının müdafiəsi və təhlükəsizliyi ilə bağlı çoxtərəfli razılaşma mövcuddur və bu razılaşmada Türkiyə də yer alır. Hesab edirəm ki, belə davam edərsə, Naxçıvan, Türkiyə və Azərbaycan Silahlı Qüvvələri həmin istiqamətdə Ermənistana qarşı adekvat cavab tədbirlərini həyata keçirə bilər. Digər tərəfdən isə Ermənistan çox yaxşı bilir ki, o, bir neçə cəbhədə hərbi əməliyyatlar aparmaq iqtidarında deyil. Hərbi taktika baxımdan da Ermənistan yanlış addımlarını daha da çoxaltmaqda davam edir”.

R.Məmmədli Ermənistanın hərbi xidmətə yararsız şəxsləri, xüsusən də yaşlıları döyüşlərə cəlb etməsi məsələsinə də toxunub. O bildirib ki, bu addım Ermənistan ordusunun zəiflədiyini bir daha sübut edir.

“Bütün bunlar o deməkdir ki, artıq çağırış yaşında olan vətəndaşlarının ya sayı azalıb, ya da onlar döyüşdən və səfərbərlikdən yayınırlar. Ermənistan ordusunun canlı qüvvə ilə bağlı problemi var. Bu problemi həll etmək üçün orduya muzdlu döyüşçülər də cəlb edir. Amma Ermənistan unutmamalıdır ki, 1991-1994-cü illərdə hərbi əməliyyatlarda iştirak edən şəxslərin yaşı indi çoxdur. Bəzilərinin yaşı artıq 60-ı ötüb və onlar öz döyüş qabiliyyətini itiriblər. Ola bilər ki, döyüş bilikləri var, amma irimiqyaslı hərbi əməliyyatlarda iştirak etmək imkanları yoxdur. Digər tərəfdən də, müasir döyüş aparan Azərbaycan Silahlı Qüvvələri ilə savaşmaq və onlara adekvat reaksiya göstərmək imkanları isə ümumiyyətlə sıfıra bərabərdir. Birmənalı olaraq bilmək lazımdır ki, bu artıq Ermənistan ordusunun zəifləməsidir. Ermənistan rəhbərliyinin nə qədər vətənpərvərliklə bağlı çağırışları olsa da, hərbi əməliyyatlara gəlmək istəyən və döyüşmək istəyən gənclərin sayı həddindən artıq azdır”, – deyə ekspert qeyd edib.

Sevgül Qasımzadə