“Üzərimizə düşən vəzifə bu mərhələdə ən azından informasiya müharibəsində fəal olmaqla düşmənin dezinformasiya kampaniyasının qarşısını almaqdan ibarət olmalıdır”.
Bunu e-huquq.az-a açıqlamasında politoloq Yusif Bağırzadə erməni terroru və mülki insanımızın hədəf alınması ilə bağlı məsələlərə münasibət bildirərkən deyib.
O qeyd edib ki, beynəlxalq hüquq müstəvisində Ermənistanın işğalçı, eyni zamanda, terrorçu dövlət olduğunu tam şəkildə sübuta yetirən yetərincə faktlar mövcuddur. Çox təəssüflər olsun ki, işğalçı dövlət bu gün də öz mənfur niyyətini davam etdirir.
"1988-ci ildən başlayan əsassız Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan ərazilərində tüğyan edən erməni irticası və bu irticanın qurbanı olan günahsız Azərbaycan əhalisinin acı iztirabları təəssüf ki, keçmiş SSRİ rəhbərliyinin və sivil dünyanın biganə sükutu ilə qarşılanmışdı. Belə vəziyyətdən ruhlanan və istifadə edən ermənilər azərbaycanlılara qarşı soyqırımı siyasətini və misli görünməmiş tarixi cinayətlərini bir-birinin ardınca həyata keçirməyə müvəffəq oldular. Azərbaycan ərazisinin 20 faizi, o cümlədən Dağlıq Qarabağdan kənarda yerləşən daha 7 rayon – Kəlbəcər, Laçın, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan Ermənistan silahlı qüvvələri tərəfindən işğal olundu. 1 milyondan artıq azərbaycanlı öz dədə-baba ocaqlarından vəhşicəsinə qovuldu, on minlərlə adam qətlə yetirildi, şikəst edildi, girov götürüldü. Yüzlərlə yaşayış məskəni, minlərlə mədəniyyət, təhsil və səhiyyə müəssisəsi, tarix-mədəniyyət abidələri, məscidlər, müqəddəs sitayiş yerləri, qəbiristanlıqlar yerlə-yeksan edilərək misli görünməmiş erməni vandalizminə məruz qaldı. Münaqişənin ilk illərində Dağlıq Qarabağın azərbaycanlılar yaşayan Kərkicahan, Meşəli, Quşçular, Qaradağlı, Ağdaban və digər kəndlərində erməni silahlı quldurlarının törətdikləri faciələr, nəhayət, Xocalı soyqırımı tarixi cinayətlərdir".
Politoloq bildirib ki, Ermənistan tərəfindən törədilən terror cinayətləri bu gün də davam etməkdədir: "Gəncədə hər dəfə atəşkəs elan olunandan sonra mülki əhalinin hədəf alınması, daha sonra Bərdəyə kaset raketlərin atılması, Tərtər və Goranboya olan fasiləsiz hücumlar və nəticədə 91 nəfərin həlak olması, 405 nəfərin yaralanması, 2000-dən artıq evin, 97 binanın dağıdılması müharibə cinayətlərinin davam etdirildiyinin ən bariz sübutudur. Mülki insanlara qarşı törədilən bu terror bir daha onu göstərir ki, işğalçı Ermənistan beynəlxalq hüququn norma və prinsiplərinin, beynəlxalq humanitar hüquq normalarının, xüsusilə də Cenevrə Konvensiyalarının, eləcə də Müharibə zamanı mülki əhalinin müdafiəsi haqqında 1949-cu il 12 avqust tarixli Konvensiyanın, habelə BMT-nin Uşaq Hüquqları Konvensiyasının və insan hüquqları sahəsində digər sənədlərin müvafiq müddəalarını kobud şəkildə pozmaqla, öz təcavüzkar siyasətindən, sülh və insanlıq əleyhinə yönəlmiş müharibə və terror cinayətləri törətməkdən hələ də əl çəkmir. Ermənistanın qeyri-insani davranışları artıq beynəlxalq təşkilatlar tərəfindən də tanınsa da təəssüf ki, onların bu hərəkətlərdən çəkindirilməsi istiqamətində nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən ciddi ölçü götürülmür ki, bu da onları daha da azğınlaşdırır və yeni cinayət əməlləri törətməyə sövq edir.
Bu gün bütün cəbhəboyu məğlub olan Ermənistan təkcə mülki insanımıza qarşı terror törətməklə kifayətlənmir eyni zamanda informasiya resurslarından və sosial şəbəkələrdən də istifadə etməklə ölkəmiz və hərbi əməliyyatların gedişi ilə bağlı yalan məlumatları geninəboluna tirajlamaqla informasiya müharibəsi də aparır. Azərbaycan ordusu Ali Baş Komandanın rəhbərliyi altında üzərinə düşən vəzifəni layiqincə yerinə yetirir. Bizlərin üzərinə düşən vəzifə isə bu mərhələdə ən azından informasiya müharibəsində fəal olmaqla düşmənin dezinformasiya kampaniyasının qarşısını almaqdan ibarət olmalıdır.
Dövlət olaraq qarşımızda dayanan digər bir vəzifə isə son əsrdə xalqımıza qarşı həyata keçirilən soyqırımlar, erməni terroru haqqında indiki və gələcək nəsillərdə möhkəm milli yaddaş formalaşdırmaq, bu faciələrə bütün dünya tərəfindən siyasi və hüquqi qiymət verilməsinə nail olmaq, onun ağır nəticələrinin aradan qaldırılmasına və bir daha belə halların təkrar olunmamasına çalışmaqdan ibarət olmalıdır”.
