Məzmuna keç

“Ermənistan Rusiyaya təşəkkür etməlidir ki, onların həyatını xilas etdi” –

“Ermənistanın Rusiyaya güc göstərməyə qüvvəti yoxdur. Rusiyanın üzünə ağ olsalar, daha böyük fəlakətlər onları gözləyəcək. Ermənistan Rusiyaya təşəkkür etməlidir ki, onların həyatını xilas etdi”.

Bunu e-huquq.az-a açıqlamasında Milli Məclisin deputatı Razi Nurullayev deyib.

Onun sözlərinə görə, Azərbaycan bu prosesdən maksimum nəticəni əldə edə bilib: "Azərbaycanın ərazi bütövlüyü geri qaytarılır və bütün dünyaya gücünü göstərir: “Ölkəmizdə toy-bayram olduğu halda Ermənistanda yasdır. Münaqişəyə hüquqi cəhətdən son qoyulsa da, Ermənistanda olan ab-havanı görürəm ki, onlar yenidən müharibə çağırışı edərək başqa qüvvələri hakimiyyətə gətirmək istəyirlər. Eyni zamanda əldə olunan müqaviləni ləğv etdirmək və yaxud bundan birtərəfli qaydada imtina etmək istəyirlər. Mən düşünmürəm ki, onlar bunu edə bilərlər”.

Deputat bildirib ki, Azərbaycan ermənilərə müəyyən mənada güzəşt edib: "Çünki onlar çoxlu itki verəcəkdi və sonradan həmin ərazilərə gəlməyə üzü olmayacaqdı. Amma, ermənilərdən nə desən, gözləmək olar. Azərbaycan Rusiyanın xahişi ilə müharibə nəticəsində əraziləri silah gücü ilə azad etmədən razılığa gəlib, ermənilərə güzəşt etdi ki, onlar birdəfəlik ayaqlarını yığıb otursunlar”.

R.Nurullayev vurğulayıb ki, Ermənistan tərəfi bununla da razılaşmayıb, müharibəyə hazırlaşacaqsa, heç nəyə nail ola bilməyəcək. “Bu, Azərbaycanın hüquqi müstəvidə çəkisini artıracaq. Mən düşünürəm ki, qondarma rejimi9n separatçıları Dağlıq Qarabağda gəlib yaşamaq istəsələr, Azərbaycan onlara qarşı hüquqi müstəvidə çox sərt addımlar atacaq və oranı bütün separatçılardan təmizləyəcək. Gələcək və bu gün üçün orada heç bir separatizm qala bilməz. Onlar hüquqi məsuliyyət və hərbi cinayət məsuliyyəti daşıdığına görə Azərbaycan tərəfindən həbs olunacaqlar. Amma ermənilər Azərbaycan pasportu ilə yaşamaq istəyirlərsə, gəlib yaşaya bilərlər”.