Məzmuna keç

“Ermənistan müxalifətinin dərdi Qarabağ deyil, fürsətdən istifadə edərək hakimiyyətə gəlməkdir” –

“Bu gün Ermənistan müxalifətinin dərdi Qarabağ deyil, fürsətdən istifadə edərək hakimiyyətə gəlməkdir”.

Bu sözləri e-huquq.az-a açıqlamasında politoloq Yusif Bağırzadə Azərbaycanın qələbəsindən sonra Ermənistandakı daxili vəziyyəti şərh edərkən deyib. O bildirib ki, Nikol Paşinyanın populist siyasəti və müharibədəki məğlubiyyət Ermənistandakı ictimai-siyasi atmosferi daha da pisləşdirib: “Kökündən yanlış daxili və xarici siyasətin ümidsiz girovlarına çevrilmiş sıravi ermənilərə yaxşı həyat vəd edən Paşinyan keçmiş hakimiyyətin qruplaşmaları ilə üz-üzə qalaraq, vədlərini yerinə yetirməkdə onsuz da çətinlik çəkməkdə idi. Qarabağ savaşındakı məğlubiyyət isə Paşinyanın mövqelərini daha da ziflədib. Hazırda Ermənistandakı vəziyyət 1992-1993-cü illərdə Azərbaycanda olan vəziyyəti xatırladır desək yəqin ki, səhv etmərik. İdarəçilikdə naşı, səriştəsiz, qeyri-peşəkar şəxslərin təmsil olunması ölkəni bir-birinin ardınca böhranlara və fəlakətə gətirib çıxarıb. Küçədən hakimiyyətə gələn Paşinyanın populist siyasəti və müharibədəki məğlubiyyət Ermənistandakı ictimai-siyasi atmosferi daha da pisləşdirib.

Paşinyan Müdafiə Nazirliyinin yüksək rütbəli vəzifəli şəxslərinin və qondarma rejimin Prezidenti Araik Harutyunyanın məsləhəti ilə razılaşmanı imzaladığını desə də, müxalifət nümayəndələri onların adlarını hallandırmır, birbaşa Paşinyanı məsul tuturlar. Bu onu göstərir ki, Ermənistan müxalifətinin dərdi Qarabağ deyil, fürsətdən istifadə edərək revanş almaq və hakimiyyətə gəlməkdir. Elə buna görə də erməni müxalifəti Qarabağdakı məğlubiyyətdən istifadə edərək hakimiyyətə gəlməyin yollarını axtarır. Keçmiş rejim Nikol Paşinyanın “məxməri inqilab” nəticəsində hakimiyyətə gəlməsi ilə barışa bilmir və onun hakimiyyətdən getməsi üçün əlindən gələni etməyə hazır görünür. Paşinyan isə öz növbəsində hakimiyyətdən istefa verməyəcəyini bəyan edərək müxalifətə fürsət verməyəcəyini deyir və bu məqsədlə də polis və ordunun gücündn istifadə edir. Qarabağ münaqişəsinin həllində faktiki olaraq oyundan kənar vəziyyətdə saxlanılan Avropa dövlətləri, beynəlxalq təşkilatlar isə müxalifətin linç kampaniyasına səssiz qalır, demokratiya və insan haqlarının qorunmasından bəhs etmirlər”.

Politoloqun sözlərinə görə, Ermənistanı vətəndaş müharibəsinə sürükləyən digər bir məqam isə Qarabağ erməniləri ilə İrəvan erməniləri arasında olan qarşıdurmadan ibarətdir. Ermənistanda qarabağlıların hərbi əməliyyatlarda iştirak etmədiyi, döyüş başlayandan sonra minlərlə hərbi mükəlləfiyyətli insanın Ermənistana qaçması haqqında məlumatlar yayılır və bu qarabağlılara qarşı nifrəti körükləyir.

“Qarabağ klanı isə ölkədəki mövcud vəziyyətdən istifadə edərək yenidən Ermənistanda hakimiyyətə gəlmək istəyir. Hakim komandanın özündə də vəziyyət gərgindir. Hakim “Mənim addımım” fraksiyasında “çatlaq səsləri” eşidilir. Fraksiyanın deputatı Sofiya Hovsepyan özünün və deputatların çoxunun dünən onların adından yayımlanan bəyanatdan xəbərdar olmadığını bildirib. Hakim partiyadan və “Mənim addımım” blokundan bir-birinin ardınca olan istefalar, Xarici işlər və Fövqaladə Hallar Nazirlərinin istefası bunun əyani sübutu kimi sayıla bilər. Bütün sadalananların fonunda ermənilər xarici siyasətdə də iflas etdiklərini anlayırlar. Özlərinə ən yaxın bildikləri, müttəfiq olaraq gördükləri dövlətlərin heç birinin onlara siyasi və hərbi dəstək verməməsi, ölkənin 30 illik uğursuz xarici siyasətini gözlər önünə sərib”, – deyə Y.Bağırzadə qeyd edib.