Məzmuna keç

“Moskvada imzalanan bəyanat sülhün, əmin-amanlığın təmin olunmasına töhvə verəcək” –

“Dünənki bəyanat həm də Azərbaycanın 10 noyabr tarixli bəyanata sadiqliyini nümayiş etdirir".

Bu sözləri e-huquq.az-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında 11 yanvar tarixində keçirilən görüşə münasibət bildirərkən deyib. C.Osmanovun fikrincə, üçtərəfli görüş bölgədə sülhün, əmin-amanlığın təmin olunmasına töhvə verəcək.

"10 noyabr 2020-ci il tarixli birgə bəyanatdan sonra ilk dəfə olaraq üçtərəfli görüş keçirildi. Moskvada baş tutan görüşdə Paşinyanın nə qədər məyus formada iştirak etdiyi görünürdü. Cənab Prezident İlham Əliyev isə qalib ölkənin dövlət başçısı kimi görüşə qatılmışdı. O, atəşkəsin elan olunmasından iki ay keçdiyini xatırlatdı və üçtərəfli birgə bəyanatdan sonra Moskva görüşünün Azərbaycanın nəticə əldə etmək, sentyabr-noyabrda baş vermiş hadisələrə yekun vurmaq əzmində olduğunu göstərdiyini vurğuladı. Fikrimcə, dünənki görüşdə imzalanan bəyanat 11 noyabr üçtərəfli birgə bəyanatın icra mexanizmi, ondan sonrakı mərhələ, bölgədə uzunmüddətli sülhün və əmin-amanlığın təmin olunması, komunikasiya xətlərinin açılması istiqamətində fəaliyyətlə bağlı çox vacib bir mərhələ idi. Bu bəyanatı 10 noyabrda imzalanmış bəyanatın davamı kimi qiymətləndirmək olar”, – deyə o bildirib.

C.Osmanov dünənki bəyanatda eyni zamanda işçi qrupunun yaradılması ilə bağlı sözləşmə əldə edilməsinin məhz regionun inkişafına, nəqliyyat-komunikasiya xətlərinin bərpasına şərait yaradacağını və təhlükəsizliyi möhkəmləndirə biləcəyini vurğulayıb: “Ona görə də bu işçi qrupunun təcili surətdə yaranması bölgədə perspektivlərin həyata keçirilməsi üçün çox vacib addımdır. Ən əsası, ölkədə uzunmüddətli sülhün, əmin-amanlığın təminatı və komunikasiya xətlərinin açılması idi ki, bu da bölgənin inkişafına böyük töhfə verəcək”.

Sevgül Qasımzadə