"Bu sənəd Azərbaycan və Türkmənistan arasında mövcud anlaşılmazlıqların ortadan qalxdığının mükəmməl göstəricisidir"


  • 22 Yanvar 2021 14:36

"Azərbaycan və Türkmənistan arasında Xəzərdə “Dostluq” yatağının birgə işlənməsinə dair imzalanan Memorandum hər iki ölkənin bundan sonrakı çərçivədə də artıq Xəzər dənizi içərisi ilə, sərhədlərlə və yataqların istismarı ilə bağlı hər hansı bir sual işarəsinin qalmadığının və mövcud anlaşılmazlıqların artıq ortadan qalxdığının mükəmməl bir göstəricisidir".

Bunu e-huquq.az-a açıqlamasında Milli Məclisin deputatı Ramil Həsən Azərbaycan və Türkmənistan arasında Xəzərdə “Dostluq” yatağının birgə işlənməsinə dair imzalanan Memoranduma münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, "Dostluq" yatağı ilə bağlı Azərbaycan-Türkmənistan arasında müəyyən anlaşılmazlıq var idi: "Beynəlxalq hüquq norma və prinsipləri çərçivəsində baxdıqda bu, Azərbaycanın uzun müddətdir özünə aid olan bir yataqdır. Lakin Türkmənistan təxminən 30 ilə yaxındır ki, bu yatağın özünün olduğunu iddia edirdi. Bu da bir sıra anlaşmazlıqlara səbəb olurdu və yataqdan neft çıxarılmasına maneələr yaradırdı. Lakin dövlət başçımız İlham Əliyevin böyük humanistliyi və eyni zamanda qardaşlıq mesajı nəticəsində dünən Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədovla videokonfrans formatında görüşdə bunun ortaq nöqtəsi ilə bağlı bəyanat verildi. Hər iki ölkənin xarici işlər nazirləri bununla bağlı sənədə imza atdı".

Deputat qeyd edib ki, Azərbaycanın "Xəzər", Türkmənistanın isə "Sərdab" adlandırdığı, amma dünən dostluq və qardaşlığı bir araya gətirdiyi üçün hər iki dövlət tərəfindən "Dostluq" adı verilən bu yatağın birgə işlədilməsi böyük kooperasiyaların çox rahat şəkildə buraya gəlməsi üçün fürsət yaradır:

"Bu, eyni zamanda başqa tərəflərin haqq iddia etmədiyi bir yataq olduğu üçün çox rahatlıqla dünya bazarında istismara təqdim edilməsinə görə də əlverişlidir. Bu fürsətlərin yaranması əlbəttə ki, həm Azərbaycanın xeyrinə olacaq, həm də Türkmənistanın. Dünənki çıxışın ruhuna da baxdığımızda görürük ki, bu dostluğumuzun və qardaşlığımızın xeyrinə olacaq".

Deputat onu da qeyd edib ki, qardaş Türkiyənin prezidenti Rəcəb Tayyip Ərdoğan Türkmənistanı Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasında görməyi arzu etdiyini bildirmişdi: "Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası bütün türk dövlətlərini bir araya gətirən iqtisadi - siyasi bir platformadır. Bu baxımdan Xəzərin ortasındakı yataqla bağlı iki dost ölkə arasındakı münasibətlərin yeni mərhələyə qədəm qoyması hesab edirəm ki, Türkmənistanın Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasında yeni inteqrasiya prosesinə mükəmməl bir təkan verəcək".

Sevgül Qasımzadə

Oxşar xəbərlər