"Beynəlxalq hüquq normalarına görə, Ermənistan o xəritəni təcili Azərbaycana verməlidir" - Politoloq


  • 1 Mart 2021 10:32

“Prezidentin mətbuat konfransı Azərbaycanın haqlı mövqeyini dünyaya çatdırmaq baxımından olduqca əhəmiyyətli oldu”.

Bunu e-huquq.az-a açıqlamasında politoloq Yusif Bağırzadə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında səsləndirdiyi fikirləri şərh edərkən deyib.

Onun sözlərinə gör, dövlət başçısının məhz 26 fevral – Xocalı soyqırımı günündə mətbuat konfransı keçirməsi və mətbuat konfransı zamanı yüksək diplomatik məharət, natiqlik nümayiş etdirməsi, bütün aktual məsələlərə səlis, məntiqli, faktlar əsasında münasibət bildirməsi, aparıcı xarici media orqanlarının diqqətini növbəti dəfə Ermənistanın Azərbaycana qarşı soyqırımı siyasətinə yönəltməsi birmənalı olaraq informasiya cəbhəsində ölkəmizin mövqeyini daha da gücləndirdi: "Prezidentin 44 günlük Vətən müharibəsi dövründə xarici kütləvi informasiya vasitələri üçün verdiyi müsahibələr informasiya müharibəsini xeyrimizə dəyişmək baxımından nə qədər əhəmiyyətli idisə, indiki mətbuat konfransı da Azərbaycanın haqlı mövqeyini dünyaya çatdırmaq baxımından bir o qədər əhəmiyyətli oldu. Mətbuat konfransında səsləndirilən fikirlər və mühün siyasi mesajlar artıq iki gündür ki, yerli və beynəlxalq mətbuatın əsas gündəminə çevrilib. Heç şübhəsiz ki, dünyanın 35-dən çox media orqanının 50-yə yaxın sualını 4 saat ərzində 4 dildə cavablandırmaq böyük istedad, siyasi məharət, dərin məntiq və təmkin tələb edirdi".

Yusif Bağırzadə bildirib ki, mətbuat konfransında çoxlu sayda vacib məqamlara toxunuldu ki, bunlardan bəzilərinin üzərində xüsusi olaraq dayanmağa ehtiyac var: "Bunlardan ən önəmlisi təbii olaraq Qarabağın statusu ilə bağlı verilən suala cavab idi. Prezident qəti şəkildə bəyan etdi ki, Ermənistana və erməni xalqına yanlış vədlər vermək lazım deyil, münaqişə artıq bitib və hər hansı bir status məsələsi müzakirə predmeti belə ola bilməz. Bu cavab həm Ermənistan rəhbərliyi, həm də onlara havadarlıq edən ayrı-ayrı dövlət və siyasi dairələr üçün açıq-aydın şəkildə verilmiş mesaj idi. Bu mesajdan ən çox pay isə heç şübhəsiz ki, Minsk Qrupu həmsədrlərinin üzərinə düşür. Daha bir vacib məqam ən çox əziyyət çəkdiyimiz məsələ - ermənilər tərəfindən minalanmış ərazilərin xəritəsinin verilməməsi ilə bağlı problemin dünya ictimaiyyətinin diqqətinə çatdırmaq oldu. Dövət başçısı istər mülki əhali, istərsə də hərbi quluqçuların bu məsələdən əziyyət çəkməsi və baş verən ölüm faktları haqqında fikirlərini birlirərək, Ermənistana dəfələrlə müraciət edilməsinə baxmayaraq hər hansı bir müsbət nəticə əldə edilmədiyi və bununla da onlar tərəfindən beynəlxalq hüququn norma və prinsiplərinin pozulduğu növbəti dəfə dünya ictimaiyyətinin diqqətinə çatdırılmış oldu. Beynəlxalq hüquq normalarına görə, Ermənistan o xəritəni Azərbaycana təcili şəkildə verməlidir. Bu, dünyada qəbul olunmuş normadır və beynəlxalq konvensiyalarda da öz əksini tapıb. Amma Ermənistan indi və torpaqlarımızı işğal altında saxladığı 30 ildə heç bir beynəlxalq hüquq normasına əməl etməyib. Sanki belə bir təsəvvür yaranır ki, bu beynəlxalq hüquq normaları Ermənistana aid deyil. Çox təəssüflər olsun ki, ayrı-ayrı beynəlxalq təşkilatlar da, dövlətlər də buna göz yumurlar. Açıq görsənir ki, bu təşkilatlar tərəfindən Ermənistana fərqli yanaşma var. Düşünürəm ki, Azərbaycan beynəlxalq təşkilatlar qarşısında Ermənistanın minalanmış ərazilərimizin xəritəsini verməməsi məsələsini qaldırmalı və bu qurumları davamlı olaraq Ermənistana təzyiq göstərməyə çağırmalıdır".

Politoloq qeyd edib ki, Prezidentin üzrəində dayandığı digər vacib məsələ Ermənistandakı revanşist qüvvələrlə bağlı idi: "Dövlət başçısının həmin qüvvələrə xəbərdarlığı Xankəndində sülhməramlıların arxasında gizlənmiş xunta rejiminin son günlər səsləndirdiyi bəyanatlara ən tutarlı cavab idi. Dövlət başçısı bildirdi ki, bu gün Ermənistanda revanşist qüvvələr hakimiyyətə gələrək əldə edilmiş razılaşmaların üstündən xətt çəkmək istəyirlər. Ermənistanın hazırki siyasi vəziyyəti Azərbaycanın 1990-ci illərin əvvələrindəki vəziyyəti xatırladır. Ölkə xaos içərisində, üstəlik vətəndaş müharibəsi astasındadır və hər kəs bir-birinə düşmən kimi yanaşır, bir birilərini xəyanətdə ittiham edirlər. Dövlət başçısı qeyd etdi ki, Ermənistanda yaranmış vəziyyətə baxmayaraq, noyabrın 10-da imzalanmış Bəyanat icra ediləcəkdir. Əks-təqdirdə, Ermənistan daha da ağır duruma düşəcək. Prezidentin bu xəbərdarlığı o anlama gəlir ki, Ermənistan və onların havadarları başa düşün ki, başqa seçimləri yoxdur. Azərbaycan yeni reallıqlar yaradıb və sizlər də bu reallıqlarla barışmalı və hesablaşmalısınız.

Digər vacib məsələ Ermənistanı silah-sursatla təmin edən ölkələrə verilmiş mesaj idi desəm, yəqin ki, səhv etmərəm. Prezident açıq tekstlə istər keçən 30 il müddətində, istər müharibənin gedişində, istərsə də müharibədən sonra Ermənsitanı silahlandıran dövlətlərə münasibətini ortaya qoydu. Prezidentin “İsgəndər” raketləri ilə bağlı mövqeyi olduqca maraqlı idi. “Ermənistana “İsgəndər” raketləri veriləndə mən bunu Rusiya rəhbərliyinə demişdim. Mən demişdim ki, bu düzgün addım deyil, bu addım sabitliyin möhkəmlənməsinə yönəlməyib, bu bizi heç nədən çəkindirməyəcək. Müharibə dövründə də Rusiya tərəfinə “İsgəndər” raketlərini geri almalarını təklif etmişəm. Bəli, demişəm, bu gün də fikrim belədir ki, regionda hadisələrin belə faciəli inkişafının qarşısını ala biləcək yeganə yol bu silahları geri almaq və ermənilərə bir daha pulsuz silah verməməkdir”". Prezidentin bu mövqeyi olduqca təqdirəlayiqdir. Belə ki, Ermənistan Moskvanın keçmiş sovet məkanında “İsgəndər” raket sistemini satdığı ilk ölkə olub. Rusiya tərəfindən Ermənistana 4 “İsgəndər” kompleksi verilib. Həmin komplekslər çox bahalıdır və təbii ki, Rusiya həmin silahları ya havayı, ya da uzun müddətli kredit əsasında verib. Bu isə o anlama gəlir ki, hər iki halda Rusiya onun silah sənayesinin reytinqinə vurulan böyük anti-piarı əsas götürüb həmin raketləri geri ala bilər. Mətbuat konfransında səsləndirilən fikirlər bir daha təsdiq etdi ki, Azərbaycan bu gün dünya miqyasında nüfuzlu ölkə kimi bölgədə sabitliyin və inkişafın təmin olunması baxımından çox önəmli rola və bu inkişafı təmin edəcək liderə malikdir”.

Oxşar xəbərlər