Cavid Osmanov: "YAP-ın VII qurultayı ölkə həyatında əlamətdar hadisə oldu"


  • 5 Mart 2021 17:43

“Yeni Azərbayan Partiyasının qurultayının keçirilməsi təkcə YAP-ın həyatında deyil, ölkə həyatında çox əlamətdar hadisədir. Çünki YAP təkcə ölkənin deyil, ümumilikdə Cənubi Qafqazın ən böyük siyasi təşkilatıdır və 760 mindən çox üzvü əhatə edir”.

Bu sözləri e-huquq.az-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov Yeni Azərbaycan Partiyasının bu gün keçirilən VII qurultayına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, qurultayda bir sıra yeni qərarlar qəbul edilib və mühüm dəyişikliklər olub: “Partiyanın qurultayında ölkə Prezidenti, partiyamızın sədri İlham Əliyev də iştirak etdi və bir sıra mühüm məsələlərə toxundu. Ölkənin taleyüklü məsələlərində YAP-ın rolu, payı, çəkisi və bundan sonra qarşıda duran məsələlərdə fəalların daha yaxından iştirak etməsi üçün qarşımıza hədəf qoydu. Partiyanın bugünkü qurultayında beş məsələ dayanırdı. Onlardan biri Yeni Azərbaycan Partiyasının yeni nizamnaməsinin təsdiq olunması, İdarə Heyətinin, Nəzarət Təftiş Komissiyasının yeni tərkibinin formalaşması idi. Eyni zamanda ilk dəfə olaraq YAP-ın 35 nəfərdən ibarət Veteranlar Şurası formalaşdı. Eyni zamanda altı siyasi partiya qurultay keçirərək YAP-a qoşulması təşəbbüsü ilə çıxış etmişdilər və bu partiyaların təşəbbüsü YAP-ın bu gün keçirilən qurultayında təsdiqləndi”.

Cavid Osmanov bu gün YAP-ın İdarə Heyətinə üzv seçilməsi münasibətilə göstərdiyi etimada görə partiyanıın sədri cənab Prezident İlham Əliyevə, partiya sədrinin birinci müavini Mehriban Əliyevaya dərin təşəkkürünü bildirib: “Mən üzərimə düşən vəzifəni bundan sonra da məsuliyyətlə, vicdanla, sədaqətlə icra edəcəm”, deyə deputat qeyd edib.

Oxşar xəbərlər