“Üçtərəfli bəyanatın imzalanmasından sonra Azərbaycanda saxlanılan şəxslər isə heç bir halda hərbi əsir hesab edilə bilməz”.
E-huquq.az-ın məlumatına görə, bunu hüquqşünas, politoloq Yusif Bağırzadə “Human Rights Watch” təşkilatının erməni əsirlərinə qarşı pis rəftar hallarının olduğunu iddia edən hesabatını şərh edərkən deyib.
Onun sözlərinə görə, “Human Rights Watch" təşkilatının erməni əsirlərinə qarşı pis rəftar hallarının olduğunu iddia edən son hesabatı obyektiv vəziyyəti əks etdirmir və qərəzlidir: "Belə ki, Azərbaycan beynəlxalq humanitar hüquq və insan haqları ilə bağlı normalara hər zaman riayət edib və bu prinsiplərə sadiqdir.
“Human Rights Watch” tərəfindən əsassız dəlillərə söykənən bu cür hesabat ilk dəfə deyil ki, qəbul olunur. Bu cür hesabatların sistematik şəkildə qəbul olunması onların etibarlılığını da şübhə altına alır".
Hüquqşünas qeyd edib ki, Azərbaycanda saxlanılan bütün erməni hərbi əsirlər və mülki şəxslərlə 1949-cu il Cenevrə Konvensiyalarının tələblərinə uyğun olaraq rəftar edilib: "Onlar işgəncə, alçaldıcı və pis rəftara məruz qalmayıblar, olanlara lazımi tibbi yardım göstərilib və hər biri saxlanıldıqları müddətdə tibbi müayinədən keçirilib. O cümlədən, 2020-ci ilin oktyabr ayından etibarən erməni hərbi əsir və mülki şəxslərə Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri tərəfindən müntəzəm baş çəkilib və ailə üzvləri ilə telefon və video danışıqlarına icazə verilib.
Ermənistan isə dəfələrlə edilən müraciətlərə və çoxsaylı iddialara baxmayaraq, azərbaycanlı əsirlərə və həbsdə saxlanılan mülki şəxslərə qarşı alçaldıcı rəftar halları ilə bağlı hər hansı bir araşdırmaya başlamayıb.
“Human Rights Watch” təşkilatı bu cür əsassız iddialar irəli sürməkdənsə yaxşı olardı ki, Birinci Qarabağ müharibəsi nəticəsində itkin düşmüş 3890 vətəndaşımızın taleyi barədə hesabat hazırlasın. Bu insanların taleyi hələ də məlum deyil. Həmin şəxslərdən 3171-si hərbçi, 719-u isə mülki şəxslərdir.
“Human Rights Watch” təşkilatı bilməlidir ki,1480 keçmiş Azərbaycan əsirinin şahid ifadələrinə görə, 1949-cu il Cenevrə Konvensiyaları da daxil olmaqla, beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması ilə Azərbaycan əsirləri işgəncə görüb, onlara qarşı pis rəftar edilib və onlar alçaldıcı şəraitdə saxlanılıb. Azərbaycan əsirləri və saxlanılan şəxslərə qarşı alçaldıcı rəftar və işgəncə etdiyi sübuta yetirilən 35 nəfər barəsində cinayət işi açılıb. Məsuliyyət daşıyan şəxslərin adları İnterpola təqdim edilib. Eyni zamanda son hərbi əməliyyatlar zamanı Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan əsirlərinə qarşı pis rəftarı göstərən və sosial mediada geniş yayılmış video materiallar da daxil olmaqla çoxsaylı dəlillər var".
Yusif Bağırzadənin sözlərinə görə, təşkilatın digər bir iddiası isə Azərbaycanda hələ də hərbi əsirlərin olması ilə bağlıdır ki, bu da kökündən yanlışdır: "Azərbaycan 10 noyabr 2020-ci il üçtərəfli bəyanatı ilə razılaşdırılmış qaydada bütün hərbi əsirləri qaytarıb. Üçtərəfli bəyanatın imzalanmasından sonra Azərbaycanda saxlanılan şəxslər isə heç bir halda hərbi əsir hesab edilə bilməz. Sözügedən üçtərəfli bəyanatın imzalanmasından sonrakı dövrdə Ermənistan tərəfindən təxribat və terror fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə Azərbaycan ərazisinə göndərilənlər beynəlxalq humanitar hüquqa görə də hərbi əsir hesab edilmirlər.
Odur ki, müvafiq beynəlxalq institutlar hesabatlar hazırlayarkən obyektiv olmalı və qərəzli mövqe nümayiş etdirməməlidirlər. Əks halda həmin təşkilatların bitərəfliliyi böyük şübhə altında olacaq”.
