"Bu gün Cənubi Qafqaz tarixinin ən dəhşətli qətliamı, Azərbaycanlılara qarşı soyqırımdan 103 il ötür. Lakin yetərli maddi-tarixi sübutların olmasına baxmayaraq, yaxın yüzilliyin ən dəhşətli soyqırımlarından birinin hələ də dünyada lazımi hüquqi qiymətini almaması, ermənilərin əsl üzü və regionda sülh və sabitlik üçün tarixi təhdid olan xəstə erməni-daşnak ideologiyasının dəhşətli fəsadlarına hələ də göz yumulması təəssüf doğurur".
E-huquq.az xəbər verir ki, bunu millət vəkili Bəhruz Məhərrəmov bildirib.
Deputat xatırladıb ki, 1918-ci ilin yanvar-may ayları ərzində ermənilər Bakı, Şamaxı, Quba, İrəvan, Qarabağ, Naxçıvan, Salyan, Nəvahi, Lənkəran, Kürdəmir və Qarsda on minlərlə azərbaycanlını xüsusi qəddarlıqla qətlə yetirilib, yüzlərlə mədəni-tarixi abidə vandalizmə məruz qalıb: "31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi ilk dəfə yalnız 80 il sonra, Ümumilli lider Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamına əsasən qeyd olunmağa başlanıb. 2013-cü ildə isə Prezident İlham Əliyevin qərarı ilə, qurbanlarının xatirəsinə Qubada Soyqırımı Memorial Kompleksi yaradılmış, erməni vəhşiliyi və vandalizminin dəqiq izlərini göstərən kütləvi məzarlıqlar başda olmaqla mühüm faktlar nümayiş etdirilməyə başlamışdır. Lakin yetərli maddi-tarixi sübutların olmasına baxmayaraq, yaxın yüzilliyin ən dəhşətli soyqırımlarından birinin hələ də dünyada lazımi hüquqi qiymətini almaması, ermənilərin əsl üzü və regionda sülh və sabitlik üçün tarixi təhdid olan xəstə erməni-daşnak ideologiyasının dəhşətli fəsadlarına hələ də göz yumulması təəssüf doğurur. Məhz bu cəzasızlıq və ikiüzlü proteksiya mühitinin nəticəsidir ki, son yüz ildə ermənilər dəfələrlə azərbaycanlılara qarşı etnik təmizləmə və genosid aktları həyata keçirmiş, Azərbaycan Respublikasının beynəlxalq hüquqla tanınan ərazilərinin 20 faizdən çoxu 28 il işğalda saxlamış, Xocalı, Qaradağlı, Ballıqaya kimi soyqırımların yanı sıra, hətta, 44 günlük müharibə dövründə döyüş zonasından kənarda olan Gəncə, Bərdə, Tərtər və digər şəhərlərdə dinc insanlar qəsdən raket hücumlarının hədəfinə çevirmişdi".
B. Məhərrəmov qeyd edib ki, dünya birliyi 28 il bu işğal faktına sussa da, Azərbaycan cənab İlham Əliyevin müzəffər Ali Baş Komandanlığı ilə Qarabağda ədaləti hərbi-siyasi yolla bərpa edərək, Ermənistanı kapitulyasiyaya məcbur etdiyi kimi, heç şübhəsiz 31 mart soyqırımına görə də Ermənistan mütləq üzr istəyərək cavab verməyə məcbur ediləcək.
