Jalə Əhmədova: “Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan  daha da güclənəcək və inkişaf edəcək”


  • 16 Aprel 2021 10:43

“Cənubi Qafqaza yeni baxış: Münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı konfrans Azərbaycanın regionumuzda yaratdığı yeni şərtlərdə baş tutun ilk geniş formatlı beynəlxalq tədbir idi. Konfrans ADA Universitetinin yüksək səviyyəli təşkilatçılığı ilə baş tutdu. Möhtərəm Prezident İlham Əliyev bu konfrans vasitəsilə dünyaya mühüm ismarıclar verdi. Dövlətimizin başçısı əsasən İkinci Qarabağ müharibəsinin başlamasının səbəbləri, müharibənin gedişi və 10 noyabr razılaşmasının imzalanmasından sonra mövcud vəziyyət və regionda baş verən proseslər haqqında ətraflı şəkildə fikirlərini ifadə etdi”.

Bu sözləri e-huquq.az-a açıqlamasında Milli Məclisin deputatı Jalə Əhmədova deyib.

Azərbaycan xalqının Qələbəni dövlətimizin iqtisadi və siyasi gücü, eləcə də beynəlxalq nüfuzunun xüsusilə son illərdə artması nəticəsində qazandığını bildirən deputat qeyd edib: “Qarabağ mövzusu həmişə ölkənin bütün gündəliklərində olub. Bütün beynəlxalq tədbirlərdə Azərbaycan Prezidenti İlham Əliyev Dağlıq Qarabağ məsələsini hər zaman prioritet edib və bütün bu illər ərzində dünyanın ən mötəbər kürsülərindən etdiyi bütün çıxışlarında dövlətimizin başçısı bu məsələni daima önə çəkib. Lakin rəsmi İrəvan bütün bu illər ərzində Azərbaycanın dəyişildiyini və gücləndiyini dərk edə bilmədi. Buna görə də indi Ermənistan məğlub və miskin bir ölkəyə çevrilmişdir. Azərbaycanın Qələbəsi isə həm ölkəmizin, həm də regionun inkişafında yeni bir mərhələ açıb. Amma Azərbaycan Prezidenti də dediyi kimi, inkişafın əsası sabitlikdir. İnkişaf üçün Azərbaycan daxilində, eləcə də sərhədlərdən kənarda stabilliyə ehtiyac var. Təbii ki, Azərbaycan riskləri minimallaşdırmaq üçün müvafiq addımlar atacaq. Azərbaycanın Qoşulmama Hərəkatında götürdüyü öhdəliklər və bu əsasla regionda yaratdığı yeni əməkdaşlıqlar dövlətimizin böyük uğurudur. Buraya Türkiyə-İran, Gürcüstan-Türkiyə, Rusiya-İran üçtərəfli əməkdaşlığı daxildir və əməkdaşlıq formatları regional sabitliyə misilsiz töhfədir”.

J.Əhmədova deyib ki, möhtərəm Prezident İlham Əliyev, çıxışı zamanı bir daha Ermənistanın diqqətinə onların kimin tarixi torpaqlarında oturduqlarına diqqəti çəkib: “Hesab edirəm ki, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları qaldığı və yeni müharibə ehtimalı haqqında danışan qüvvələr üçün bu çıxış bir dərs olmalıdır. Cənab Prezident bu çıxışıyla ermənilərin yaddaşlarını təzələyərək onların “qırmızı xətti” keçəcəkləri halda, qarşılaşa biləcəkləri vəziyyətə belə işarə edib: “Azərbaycan tarixini silmək istəyənlər belə öyrədilib ki, guya onlar qəhrəmandırlar, əslində isə cinayətkardırlar. Azərbaycanlıları qətlə yetirən, soyqırımı törədən Şaumyan və digərləri və başqa misallar var. Beləliklə, biz istəyirik ki, gənc nəsil Zəngəzurun tarixi Azərbaycan ərazisi olmasını bilsin”.

Deputat diqqətə çatdırıb ki, ölkə başçısı İlham Əliyev xalqın inamına və dəstəyinə arxalanaraq böyük uzaqgörənliklə, strateji hədəfləri müəyyən edərək, siyasi qətiyyət və iradə göstərərək həm Azərbaycanda, həm Cənubi Qafqazda, həm də bölgədə və dünyada yeni reallıqlar yaradıb: “Bu reallıq “Böyük Qayıdış” üçün görülən işlərdir, yeni nəqliyyat-kommunikasiya, loqistika, enerji, neft-qaz sahəsində nəhəng, iri miqyaslı layihələrinin həyata keçirilməsidir. Əminəm ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan daha da inkişaf edəcək, güclənəcək, xalqımızın həyatı firavan olacaq".

Oxşar xəbərlər