“Prezident İlham Əliyevin rəhbərliyi ilə sənayenin modernləşməsi, qeyri-neft sektorunun şaxələndirilməsi ilə bağlı həyata keçirilmiş sistemli tədbirlər və kompleks islahatlar nəticəsində ölkədə sənaye parkları və məhəllələri, rəqabətqabiliyyətli və innovativ sənaye məhsulları istehsalı müəssisələri yaradılıb, ixrac potensialı dəfələrlə yüksəlib. Ölkənin dayanıqlı, ümumi və harmonik inkişafını təmin etmək, paytaxtla regionlar arasında inkişaf fərqini aradan qaldırmaq və tarazlı inkişafına nail olmaq, əhalinin yüksək məşğulluq səviyyəsini təmin etmək məqsədilə həyata keçirilən Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarında hər bir sahə üzrə inkişafı hədəfləyən məqsədyönlü tədbirlər həyata keçirilir, dövlət tərəfindən kənd təsərrüfatında çalışanlara hər cür dəstək göstərilir”
E-huquq.az-ın xəbərinə görə, bunu Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev rəsmi dövlət qəzetində yayımlanan məqaləsində qeyd edib.
Ş. Mustafayev bildirib ki, dünyanın enerji xəritəsini dəyişən Azərbaycan "Cənub qaz dəhlizi”, TANAP, TAP kimi irimiqyaslı layihələrin təşəbbüskarı və fəal iştirakçıdır: “Bakı-Tbilisi-Qars dəmir yolunun, Ələt Beynəlxalq Dəniz Ticarət Limanının, STAR Neft Emalı Zavodunun istifadəyə verilməsi, Şimal-Cənub və Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafının davam etdirilməsi, nəqliyyat-tranzit imkanlarının genişlənməsi ilə iqtisadi gücümüzə yeni güclər əlavə olunub. Kosmik dövlətə çevrilmiş Azərbaycanın 2018-ci ilin sentyabrında orbitə buraxılan üçüncü peyki – "Azerspace-2” kommersiya baxımından çox əlverişli layihə hesab edilir”.
Nazir vurğulayıb ki, Azərbaycan iqtisadiyyatının əldə etdiyi uğurlar, iqtisadi dayanıqlılıq və sabit inkişaf konkret statistik göstəricilər və rəqəmlərlə ifadə edilir: “Belə ki, 2004-2018-ci illərdə ümumi daxili məhsul istehsalı real ifadədə 3,3 dəfə, o cümlədən qeyri-neft ÜDM 2,8 dəfə, sənaye məhsulu istehsalı 2,6 dəfə, o cümlədən qeyri-neft sənayesi 2,4 dəfə, kənd təsərrüfatı 1,7 dəfə, nəqliyyat və anbar təsərrüfatı 3 dəfə, informasiya və rabitə xidmətləri 12,4 dəfə, pərakəndə ticarət dövriyyəsi 4 dəfə artıb. Bu dövrdə dövlət büdcəsinin gəlirləri 18,4 dəfə, əsas kapitala yönəldilmiş vəsaitlər 4,6 dəfə artıb. 2004-cü ildən indiyədək ölkənin strateji valyuta ehtiyatları 29 dəfədən çox artaraq 47 milyard ABŞ dollarını ötmüşdür. Hazırda Azərbaycan dünyanın 190-a yaxın ölkəsi ilə ticarət əməliyyatları aparır. 2004-cü ildən indiyədək Azərbaycanda 1,5 milyonu daimi olmaqla, 2 milyondan çox yeni iş yeri açılıb”.
