- 9 Oktyabr 21:39
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 11-də Gürcüstan parlamentinin sədri Şalva Papuaşvilinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
E-huquq.az xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycan ilə Gürcüstan arasında ikitərəfli dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğuladı.
Dövlət başçısı Gürcüstanın Baş naziri ilə mütəmadi görüşlərinin, o cümlədən Azərbaycan Prezidentinin dəvəti ilə İrakli Qaribaşvilinin fəxri qonaq qismində SPECA-nın Bakıda keçirilmiş Zirvə görüşündə iştirakı zamanı onunla görüşünün əlaqələrimizin möhkəmlənməsi işində rolunu qeyd etdi.
Prezident İlham Əliyev ölkələrimizin həyata keçirdiyi birgə layihələrin önəminə toxunaraq, bunu geniş regionda - Avrasiya məkanında önəmli amil kimi dəyərləndirdi və birgə təşəbbüslərimizin bundan sonra da uğurla həyata keçiriləcəyinə əminliyini bildirdi. Dövlət başçısı parlamentlərarası əməkdaşlığın da münasibətlərimizin inkişafına mühüm töhfə verdiyini vurğuladı, bunun əməkdaşlığımızın daha da möhkəmlənməsi üçün zəruri hüquqi baza yaratdığını dedi.
Prezident İlham Əliyev Şalva Papuaşvilinin Azərbaycana səfərinin əlaqələrimizin uğurlu inkişafına töhfə verəcəyinə əminliyini ifadə etdi.
Xoş sözlərə görə minnətdarlığını bildirən Gürcüstan parlamentinin sədri bu ilin mayında Azərbaycan Respublikası Milli Məclisinin Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş xüsusi iclasında iştirakı ilə bağlı ölkəmizə səfərini məmnunluqla xatırladı. Şalva Papuaşvili Ulu Öndərin çox çətin bir dövrdə Azərbaycana müdrik rəhbərliyini qeyd edərək, Ümummilli Lider Heydər Əliyevin və Gürcüstanın sabiq Prezidenti Eduard Şevardnadzenin münasibətlərimizin əsasının qoyulmasında müstəsna rol oynadıqlarını dedi.
Qonaq ölkələrimizin həyat keçirdiyi layihələrin önəmini qeyd etdi, bu layihələrin xalqlarımızın rifahına və bölgədə sülhə xidmət etdiyini vurğuladı. O, ikitərəfli dostluq münasibətlərimizin uğurla inkişaf etdiyini deyərək, bu işdə müxtəlif səviyyələrdə həyata keçirilən qarşılıqlı səfərlərin roluna toxundu.
Görüşdə energetika, nəqliyyat, mədəniyyət sahələrində əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.