"Bu il ilk dəfədir ki, Xocalı soyqırım günü Xocalıda qeyd olundu. Bu məqsədlə Prezidentin Xocalı şəhərinə səfər etməsi, Xocalı Soyqırımı Memorial Kompleksinin təməlini qoyması və Xocalı rayonunun ictimaiyyətilə görüşməsi xüsusi olaraq qeyd edilməlidir. Dövlət başçısının Xocalı sakinləri ilə kifayət qədər səmimi görüşü şübhəsiz ki, xalq-dövlət birliyinin təzahürü idi və bu görüş həm də Ermənistana və onların havadarlarına bir ünvanlanan bir sıra mesajlarla yadda qaldı. “Otuz iki ildən sonra siz qayıtmısınız. Otuz iki ildən sonra – o qanlı faciədən sonra biz Azərbaycanın hər bir guşəsində, Qarabağın hər bir yerində sahib kimi, bu Vətənin övladları kimi yaşayırıq, qururuq, bərpa edirik. Azad edilmiş bütün torpaqlarda geniş quruculuq işləri gedir” söyləyən dövlət başçısı İlham Əliyev onu da bildirdi ki, “Xocalıya ədalət!” tələbimiz tam haqlı idi. Bu ədaləti döyüş meydanında təmin etməyimiz beynəlxalq hüquqa və tarixi ədalətə tam uyğundur".
Bu sözləri e-huquq.az-a açıqlamasında politoloq Yusif Bağırzadə deyib.
O bildirib ki, ötən dövr ərzində Xocalı soyqırımının tanınması, tarixi həqiqətlərin dünya birliyinə çatdırılması istiqamətində xeyli işlər görülüb: "Azərbaycan dövləti, dövlət qurumları, eyni zamanda, xaricdə yaşayan azərbaycanlılar, ictimai təşkilatlar və xüsusilə də Heydər Əliyev Fondu Xocalı soyqırımını dünyaya tanıtdırmaq üçün çox böyük səylər göstərmişdir. Heydər Əliyev Fondunun vitse prezidenti Leyla xanım Əliyevanın rəhbərliyi altında geniş həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası dünyanın müxtəlif yerlərində özünü göstərmişdir, bir çox tədbirlər, təqdimatlar həyata keçirilmiş, kitablar, məqalələr dərc edilmişdir, sərgilər təşkil olunmuşdur. Amma təəssüf ki, cənab Prezidentin də dediyi kimi ölkəmizin “Xocalıya ədalət!” çağırışı böyük ölçüdə cavabsız qaldı. Cəmi 18 ölkə bu qanlı faciəni soyqırımı kimi tanıdı. Və xüsusi olaraq qedy edilməlidir ki, bu ölkələrin arasında böyük dövlətlərin adları yoxdur. Beynəlxalq təşkilatlar, onların bir çoxu bu faciəyə biganə qalmışdır".
Y.Bağırzadə bildirib ki, Prezident İlham Əliyevin vurğuladığı kimi, Ermənistan dövləti, o vaxt və bu gün onun arxasında duran eyni qüvvələr, eyni ölkələr əlindən gələni edirdilər ki, Xocalı soyqırımı ört-basdır edilsin, Ermənistan məsuliyyətə cəlb olunmasın, Ermənistana qarşı hər hansı bir sanksiya tətbiq edilməsin və onlar cəzasız qalsın: "Amma bu ədaləti Azərbaycan özü bərpa etməli oldu və etdi. 44 günlük İkinci Qarabağ müharibəsində tarixi ədalətin bərpası 30 il Ermənistana dəstək olan, sülh danışıqları prosesinin uzanmasına səbəb olan əksər dünya gücləri bu reallığı qəbul etdilər ki. ədaləti və beynəlxalq hüququ maraqların arxasında gizlətməyə nə qədər cəhdlər edilsə də sonda zəfər calan yenə də biz, bizim ədalətli mövqeyimiz oldu. “Xocalı soyqırımını inkar etmək ədalətsizlik və vicdansızlıqdır” söyləyən dövlət başçısı İlham Əliyev Xocalı şəhərində memorial kompleksin tikintisi ilə bağlı məsələyə də xüsusi diqqət yönəltdi. Bununla bağlı layihənin çoxdan hazır olduğunu və bunun üçün yer Bakıda də müəyyənləşdirildiyini bildirən cənab İlham Əliyev onun tikintisi ilə əlaqədar tərəddüdlər keçirdiyini və bu səbəbdən də layihəni təxirə saldığını bildirdi. Təbii ki, tərəddüdə səbəb dövlət başçısının, Azərbaycan xalqının Xocalıya qayıdacağına olan əminliyi idi. Bu həm də dövlət başçısının apardığı siyasətdə və fəaliyyətdə gücünü məhz xalqın dəstəyindən almasının ifadəsidir. Dövlət siyasətində inam və xalqın dəstəyi kimi amillər isə ən bacib güc mənbəyidir".
"Prezident Xocalı sakinləri ilə görüşündə həm də Azərbaycanla Ermənistan arasında aparılan danışıqlara da toxundu və açıq şəkildə bəyan etdi ki, “yeni yiyə axtarışında olan, onun-bunun qucağına sığınan Ermənistan bilməlidir ki, yeganə yol Azərbaycanın bütün şərtlərini qəbul etmək və Azərbaycana qarşı ərazi iddialarından əl çəkməkdir”. Bu bəyanat Ermənistana və onun havadarlarına ünvanlanmış bəyanat olmaqla yanaşı, həm də rəsmi İrəvan üçün əslində yeganə çıxış yolunun məhz Azərbaycanın şərtlərini qəbul etməklə bağlı çağırış idi", – deyə politoloq vurğulayıb.
Şəbnəm Mehdizadə
