Yol polisi sürücülərə müraciət etdi


  • 13:33

Baş Dövlət Yol Polisi İdarəsi bölgələrə səfər edən və hərəkətdə olan sürücülərə müraciət edib.

E-huquq.az xəbər verir ki, müraciətdə deyilir:

"Hazırda ölkənin bir sıra bölgələrində müşahidə olunan qar yağışı və şaxtalı hava şəraiti avtomobil yollarında hərəkəti xeyli çətinləşdirir. Sürüşkən yol örtüyü, məhdud görünüş məsafəsi və qəfil hava dəyişiklikləri yol-nəqliyyat hadisələri riskini artırır. Təhlillər göstərir ki, qarlı hava şəraitində baş verən qəzaların əsas səbəblərindən biri mövsümə uyğun olmayan və aşınmış şinlərdən istifadədir.

Bu səbəbdən sürücülərdən xahiş edirik:

Zərurət olmadıqca uzunməsafəli və dağlıq ərazilərə səfərlərdən çəkinin;

Nəqliyyat vasitələrinin texniki sazlığını, xüsusilə şinlərin qış mövsümünə uyğunluğunu, diş dərinliyini və təzyiqini mütləq yoxlayın;

Qarlı və sürüşkən yollarda adi şinlərlə deyil, qış şinləri ilə hərəkət edin;

Sürət həddini yol və hava şəraitinə uyğun seçin, təhlükəsiz məsafəni qoruyun;

Yorğun və yuxusuz halda sükan arxasına əyləşməyin.

Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları bölgələrdə gücləndirilmiş rejimdə xidmət aparır, təhlükəli yol sahələrində nəzarət və sürücülərlə izahedici söhbətlər davam etdirilir.

Unutmayaq: Qarlı havada düzgün şin seçimi sükan arxasında təhlükəsizliyin əsas şərtidir.
Yollarda diqqətli olaq, təhlükəsizliyə birlikdə töhfə verək".

Oxşar xəbərlər