- 10:34
Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərin ixtisas seçimi bu gün saat 23:59-dək aparılacaq.
E-huquq.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.
İxtisas seçmək hüququ olan abituriyent ali təhsil müəssisələrinin və orta ixtisas təhsili müəssisələrinin 20-dək ixtisas kodunu seçib, onları https://www.e-gov.az/az/services/read/3149/2 internet ünvanında yerləşən “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə istədiyi ardıcıllıqla daxil edərək təsdiqləməlidir.
Ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinin siyahısı “Abituriyent” jurnalının 7-ci sayında dərc olunub. Orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçiminə qəbul (buraxılış) imtahanında topladıqları ümumi balı 50-dən, Azərbaycan dili (rus dili) və riyaziyyat fənlərinin hər biri üzrə balı 10-dan az olmayan (xarici dil fənni üzrə bal məhdudiyyəti tətbiq edilmir) abituriyentlər buraxılırlar.
Orta ixtisas məktəblərinin qəbul aparılan ixtisasları “Abituriyent” jurnalının 5 ci sayında dərc olunub. Jurnalların elektron versiyasını (PDF formatda) www.abiturient.az saytında əldə etmək olar.