"Son günlər koronavirusa yoluxma sayında ciddi azalma müşahidə olunur. Əgər belə davam edərsə, karantin rejimin yumşaldılması məsələsi nəzərdən keçirilə bilər".
Bunu e-huquq.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.
"Əvvəlki günlərdə yoluxanların sayı 4 mindən çox idi. Sərt karantin rejimi tətbiq edildikdən sonra biz yoluxma sayında ciddi azalma müşahidə edirik. Əgər bu tendensiya davam edərsə, yəni, azalma bu qaydada davam edərsə, sərt karantin rejiminin yumşaldılması məsələsi nəzərdən keçirilə bilər. Lakin ümumən götürdükdə isə hər bir vətəndaşımız ayıq olmalıdır. Çünki bu bəla hələ bizim üzərimizdən getməyib. Ona görə də hər birimiz ehtiyyatlı olmalıyıq ki, xəstəlik daha geniş yayılmasın", – deyə o bildirib.
C.Məmmədov karantin rejimin iqtisadiyyata ciddi təsir etdiyi deyib və yumşalma olacağı təqdirdə ictimai iaşə obyektlərinin fəaliyyətinə icazə verilə biləcəyini qeyd edib: "Karantin rejimi bir çox sahələrə öz mənfi təsirini göstərib. Pandemiyanın ən ciddi təsiri isə iqtisadiyyata oldu. Hazırda iqtisadiyyatla bağlı müəyyən çətinliklər var. Bilirsiniz ki, son sərtləşmədən sonra bir çox biznes strukturlarının fəaliyyəti məhdudlaşdırıldı. Bu da həmin sahələrdə çalışan insanlar üçün bir sıra çətinliklər yaradıb. Hazırda demək olar ki, ərzaq mağazaları və apteklərdən başqa, digər ictimai iaşə obyektlərində fəaliyyət dayanıb. Hesab edirəm ki, həmin obyektlərin fəaliyyətinə şərait yaradılmalıdır. Çünki xeyli sayda insan məhz bu fəaliyyət sahələrindən gündəlik qazanc əldə edir. Düzdür, dövlət tərəfindən həmin insanlara müəyyən yardımlar edilir, lakin bununla belə, bəzi çətinliklər yenə də var".
Deputat təhsil sahəsi ilə bağlı problemə də toxunub. O bildirib ki, onlayn tədris prosesi qarşıya qoyulan məqsədlərə nail olmağa şərait yaratsa da, ənənəvi təhsili tam əvəz etmir. C.Məmmədovun fikrincə, koronavirusa yoluxma sayında çox ciddi azalma müşahidə olunarsa, təhsillə bağlı məhdudiyyətlərin də aradan qaldırılması nəzərdən keçirilə bilər.
Sevgül Qasımzadə
