“Psixi durumu yerində olmayan insan hətta oğurluq etmiş olsa belə, buna görə şəxsən məsuliyyət daşımır. Vurulan zərər həmin şəxs kimin qəyyumluğundadırsa, onun tərəfindən ödənilməlidir”.
Bunu e-huquq.az-a açıqlamasında vəkil Roman Qaraşov mağaza sahibinin oğurluq etmiş şəxsi zəncirləyərək videoya çəkməsi ilə bağlı məsələyə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, oğurluq edən şəxs inzibati qaydada cəzalandıra bilər.
“Baş verən hadisəyə iki aspektdən yanaşmaq lazımdır: Birinci növbədə əməli törədən şəxsin bu əməlinin nə dərəcədə ağır olduğuna baxmaq lazımdır. Daha sonra həmin şəxsi özbaşına cəzalandırmaq istəyən şəxsin əməli ilə bağlı münasibət bildirilməlidir. Bu hadisə inzibati qaydada oğurluqdur. Yəni, orada ciddi cinayət məsuliyyəti yaradan hal yoxdur. Çünki bir butulka suyun və ya hər hansı bir qida məhsulunun götürülməsi, yəni bunun dəyəri cinayət məsuliyyəti yaradacaq həddə deyil. Ona görə də oğurluğu edən şəxs maksimum inzibati qaydada cəzalandıra bilərdi. O, mağazaya silahla daxil olmayıb ki, onu zəncirləyib saxlasınlar. Ətraf üçün təhlükəli üsullardan da istifadə etməyib. Yəni, burada mağaza soymaqdan söhbət getmir”.
Mağaza sahibini gözləyən cəzaya gəlincə isə, vəkil bildirib ki, o Cinayət Məcəlləsinin 293-cü maddəsinə əsasən iki ilədək müddətə azadlıqdan məhrum edilə bilər.
“Lakin ona işgəncə verən şəxsin, yəni onu zəncirləyən, təhqir edən, hətta videogörüntülərini belə çəkinmədən lentə alan, eyni zamanda özünə haqq qazandıran aqressiv mağaza sahibinin hərəkətləri cinayət xarakterlidir. Onun əməlində cinayət tərkibi var. Ona görə ki, şəxsə qarşı bu qədər aqressiv, ağır, adekvat olmayan hərəkətlərə yol vermək lazım deyildi. Onun psixi durumu yerində deyilsə, hətta oğurluq etmiş olsa belə, ona görə məsuliyyəti şəxsən daşımır. O, kimin qəyyumluğuna verilibsə, dəymiş zərər həmin şəxs tərəfindən ödənilməlidir. Mağaza sahibi tərəfindən edilən hərəkətlər cinayət əməlidir. Mağaza sahibinin cinayət əməli isə şəxsə qarşı işgəncə vermədə ifadə olunur. Burada eyni zamanda hərəkət azadlığının məhdudlaşdırılması da var. Mağaza sahibinə bu hərəkətinə görə də ittiham verilə bilər".
Qeyd edək ki, sosial şəbəkələrdə bir nəfər şəxsin zəncirlə dirəyə bağlanılmasını əks etdirən videogörüntülər Daxili İşlər Nazirliyində (DİN) araşdırılıb. Məlum olub ki, Sabunçu rayonunda yaşayan, ruhi əsəb xəstəliyindən əziyyət çəkən 43 yaşlı şəxs 12 gün bundan əvvəl paytaxtın Sabunçu qəsəbəsində yerləşən marketlərin birinə daxil olub.
Bir şüşə qazlı suyu icazəsiz içdiyinə görə marketin sahibi, 24 yaşlı Rahib Lətifov onun boğaz nahiyəsinə zəncir taxaraq marketin qarşısındakı dirəyə bağlayaraq mobil telefonla videogörüntüyə alaraq sosial şəbəkələrdə yayıb. Törətdiyi əmələ görə R.Lətifov məsuliyyətə cəlb edilib, qanunvericiliyə uyğun olaraq onun barəsində araşdırmalar davam etdirilir. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.
Xəyalə Bünyatova
