“Azəriqaz” rəhbərinin “Facebook”da abonentlərlə təmas qurub, problemləri həll etməsini gözəl bir nümunə sayıram - Deputat


  • 24 Fevral 2021 11:04

"Son günlər “Azəriqaz”la bağlı xeyli müzakirələr gedib. Problemlərin aşkar edilməsi və aradan qaldırılması yönünündə birbaşa iştirakçıya çevrilməli olmuşam. Yüzdən çox abonentlə söhbətlərim oldu, şikayətlərini dinlədim. Amma deyilən problemlərlə bağlı əsaslı və müqayisəli çeklərin mənə təqdim olunması baş vermədi və mən bunu da “Azəriqaz”ın rəhbərliyi ilə bölüşdüm".

E-huquq.az-ın məlumatına görə, bunu Milli Məclisin deputatı Razi Nurullayev bildirib.

Onun sözlərinə görə, bu müddət ərzində “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyevlə sıx telefon təmasları olub: "Konkret şikayətləri ona ünvanladım. Düzü, özümə də çətindir ki, bir gündə bir rəhbərə onlarla şikayəti yollayırsan və onu problemlərlə bu qədər yükləyirsən. Ruslan müəllimə təşəkkür edirəm ki, bir dəfə də olsun narazalığını bildirmədi. Edilən müraciətlərin əksər hissəsini araşdırdı, onları şəxsən qəbul etdi və vətəndaşlara izahatlar da verildi. Amma gərək şikayətlər də faktlara söykənsin. Yoxsa gəlib deyirlər ki, problem var və dəlil gətirməmək problemin həllini biz deputatlar üçün mümkünsüz edir".

Deputat qeyd edib ki, artıq “Azəriqaz”da İctimai Şuranın yaradılması prosesinə başlanılıb: "“Azəriqaz” rəhbərinin “Facebook” sosial şəbəkəsində canlı yayımda abonentlərlə təmas qurub, problemləri birbaşa dinləyib həll etməsini də təqdir edirəm və gözəl bir nümunə sayıram. Biz istəyirik ki, vətəndaşlar razı qalsın və vəzifəli şəxs də onların problemlərini həll etməklə yanaşı, öz işini də günümüzün tələbləri səviyyəsində də qursun. Biz də, vətəndaşlar da, dövlət də, hökumət də bu vəziyyətdən razı qalaq".

Oxşar xəbərlər