SOCAR və DİN-in rəhbər heyətləri görüşdü


  • 26 Fevral 2021 19:07

SOCAR-ın strateji obyektlərinin mühafizəsini həyata keçirən Daxili İşləri Nazirliyi Baş Mühafizə İdarəsinin və SOCAR Təhlükəsizlik İdarəsinin rəhbər heyətləri arasında obyektlərdəki mühafizə xidmətinin etibarlılığının daha da artırılması ilə bağlı müzakirə aparılıb.

Bu barədə Dövlət Neft Şirkəti (SOCAR) məlumat yayıb.

Təhlükəsizlik İdarəsinin rəisi Füzuli Hacıyev və rəis müavinləri, DİN Baş Mühafizə İdarəsinin rəis müavini Daşqın Mehdiyev, aidiyyəti mühafizə idarələrinin rəisləri və SOCAR-ın Baş ofisin mühafizəsinin təşkili və hərbi səfərbərlik şöbəsinin rəisi Cavad Tinayevin iştirak etdikləri toplantıda SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunun və boru kəmərlərinin mühafizəsinin gücləndirilməsi, eləcə də SOCAR və DİN arasında əməkdaşlığın inkişafı və koordinasiyanın təkmilləşdirilməsi məsələləri müzakirə olunub.

İştirakçılar mövcud mühafizə şəraiti, texniki imkanlar və obyektlərin daha etibarlı mühafizəsinin təşkili ətrafında fikir mübadiləsi aparıblar.

Hazırda SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda həyata keçirilən genişmiqyaslı modernizasiya və yenidənqurma layihəsi müəssisənin mühafizə və təhlükəsizlik tədbirlərinin daha yüksək səviyyəyə qaldırılmasını tələb edir.

Cənubi Qafqaz regionunun yeganə neft emalı müəssisəsi olan zavodda hər il 6 miyon tona yaxın neft emal edilərək, Azərbaycanın yanacaq və digər neft məhsullarına olan tələbatını təmin edir, məhsulun bir hissəsi isə ixrac olunur.

Modernizasiya layihəsi nəticəsində 2022-ci ildən etibarən Avro-5 standartına cavab verən yanacaq məhsullarının istehsalına başlanılması planlaşdırılır. SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodu şirkətin Sumqayıtda yerləşən neft-kimya müəssisələrinin əsas xammal təchizatçısıdır.

Qeyd olunan amillər müəssisənin mühafizəsinin və əməliyyatların təhlükəsizliyinin daim diqqət mərkəzində saxlanılmasını şərtləndirir.

Oxşar xəbərlər