"Caspian Energy Club" “AZGRANATA” MMC-yə “Online Business Tour” təşkil edib.
E-huquq.az-ın məlumatına görə, əvvəlcə “Caspian Energy Club”un sədri və baş icraçı direktoru Telman Əliyev iştirakçıları salamlayıb.
Tədbirə başlamazdan öncə Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra T.Əliyev bildirib ki, "Caspian Energy Club" ölkənin və regionun nəhəng dövlət və özəl müəssisələrinin potensialı, həmçinin əməkdaşlığın qurulması imkanları ilə daha yaxından tanış olmaq məqsədilə sahibkarlar üçün ənənəvi olaraq bu cür biznes-turlar təşkil edir. Bu dəfəki turun “AZGRANATA” MMC-yə təşkil olunduğunu deyən T.Əliyev çıxış üçün sözü şirkətin İdarə Heyətinin sədri Şaiq Mirzəyevə verib.
Tədbir iştirakçılarını salamlayan Ş.Mirzəyev öncə Vətən müharibəsində ölkəmizin qazandığı qələbədən danışıb. O, 2020-ci ilin Azərbaycan üçün yeni bir səhifənin başlanğıcı olduğunu deyib.“Qələbə ilə yazdığımız bu səhifənin müəllifi cənab Prezidentimiz İlham Əliyev oldu. Azərbaycan xalqı bir daha Prezidentimizin yanında olduğunu göstərdi. Eyni zamanda Prezident də xalqın yanında olduğunu göstərdi. Bütün bunlar xalqımız üçün gələcəyə inam yaratdı. “AZGRANATA” MMC olaraq biz də 44 günlük müharibə dövründə Azərbaycan Ordusuna bacardığımız qədər dəstək olmağa çalışdıq. Hətta şəxsən özüm də döyüş bölgəsində əsgərlərimizin yanında oldum. Bütün bunlar onun üçün idi ki, Azərbaycan əsgəri dövlətin və xalqın onun arxasında olduğunu hiss etsin. Məhz bu birlik sayəsində biz düşmənə qalib gəldik”, – deyə o bildirib.
Pandemiya şəraitində sahibkarların qarşılaşdıqları çətinliklərə toxunan Ş.Mirzəyev bildirib ki, “AZGRANATA” MMC bu müddətdə yeni fəaliyyət metodları üzərində müzakirələr aparıb: “Bu gün bütün dünya pandemiya və böhran şəraitindədir. Dövlətimizin dayanıqlı iqtisadiyyatı sayəsində biz bu çətin imtahandan çıxmağı bacardıq. Sərt karantin rejimində məhdudiyyətlərə və sahibkarların qarşılaşdıqları çətinliklərə baxmayaraq, biz fəaliyyətimizi davam etdirdik. Bu çətin dönəmdə yeni metodları, iş prinsiplərini və imkanları müzakirə etməyə başladıq”.
Sədr daha sonra “AZGRANATA” MMC-nin fəaliyyəti barədə məlumat verib. “Ağsu rayonunda yerləşən “AZGRANATA” MMC Şirə və Şərab emalı zavodu 2011-ci ilin oktyabrında fəaliyyətə başlayıb. Bizim üçün çox qürurvericidir ki, müəssisəmizin açılışında cənab Prezident İlham Əliyev iştirak edib. 14 hektar sahəni əhatə edən "AZGRANATA" zavodu Cənubi Qafqaz regionunda ən böyük meyvə şirəsi və şərab istehsalçılarından biridir. Zavodda meyvə şirəsi, konsentrat, limonad, kompot, mürəbbə, üzüm yarpağı, nar sousu və abqora ilə yanaşı müxtəlif çeşidlərdə şərablar, meyvə araqları, vodka, konyak, viski, rakı istehsal edilir. Zavod Türkiyə, Almaniya, İsveçrə, İtaliya, Bolqarıstan və Fransa istehsalı olan avadanlıqlarla təchiz olunub. Müəssisəyə aid 4 hektar tut, 15 hektar albalı, 500 hektar üzüm və 500 hektar nar bağları vardır. Nar bağlarının 100 hektarında orqanik nar ağacları yetişdirilir. Meyvə bağları, meyvə istehsalı və əkinçilik üsulları yerli və xarici mütəxəssislər tərəfindən müntəzəm olaraq yoxlanılır. Bağlarda damlama üsulu ilə suvarma sistemi tətbiq edilir. Bundan başqa, Şamaxı rayonu ərazisində üzüm bağlarımız da var. Zavod Türkiyə, Almaniya, İsveçrə, İtaliya, Bolqarıstan və Fransa istehsalı olan avadanlıqlarla təchiz olunub. Biz bu ağır və məsuliyyətli işi peşəkar komandamızla həyata keçiririk. Müəssisəmizdə həm yerli, həm də xarici mütəxəssislər fəaliyyət göstərir. Bu gün dünyanın bir sıra ölkələrinə “Made in Azerbaijan” adı altında məhsullarımız ixrac olunur. Bu bizim üçün həm böyük məsuliyyət tələb edən, həm də qürurverici bir işdir. Çünki bu məhsullarla biz təkcə zavodumuzu deyil, eyni zamanda Azərbaycanı təmsil edirik. Fəaliyyətimizlə bağlı burada iştirak edən həmkarlarım da daha geniş məlumat verəcəklər. Həmçinin tədbir iştirakçılarının suallarını da cavablandırmağa hazırıq”, – deyə Ş. Mirzəyev vurğulayıb.
Sonra biznes-tur iştirakçıları “AZGRANATA” zavoduna virtual səfər ediblər. Səfər boyu şirkətin Turizm şöbəsinin rəhbəri Yusif Ləzgiyev zavodun fəaliyyəti və istehsalat prosesi barədə danışıb.
Daha sonra biznes-tur iştirakçılarını maraqlandıran suallara cavab verilib.
