Məzmuna keç

“Toylarla bağlı müəyyən təkliflər irəli sürülür, məsələyə baxıla bilər”

“Karantin rejimi ilə bağlı qapanmalar iqtisadiyyata ciddi təsir göstərir”.

Bunu e-huquq.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

O, son günlər COVID-19 infeksiyasına yoluxanların sayının artması və bununla əlaqədar olaraq yenidən sərt karantin rejiminin tətbiq olunacağı barədə cəmiyyətdə dolaşan müzakirələrə münasibət bildirib. Deputatın sözlərinə görə, vəziyyətin daha da ağırlaşmaması üçün insanlar qaydalara ciddi əməl etməli və vaksinasiya prosesi sürətlənməlidir.

“Azərbaycanda koronavirusla bağlı son günlərin statistikasına nəzər salsaq, görərik ki, vəziyyət heç də ürəkaçan deyil. Yoluxma sayında ciddi artım müşahidə olunur. Lakin sərt karantin rejiminin tətbiq olunub-olunmayacağı barədə indidən nəsə demək düzgün deyil. Çünki müvafiq qurumlar epidemioloji vəziyyətlə bağlı təhlil aparır. Zərurət olacağı təqdirdə qapanmalar tətbiq oluna bilər. Amma məlum məsələdir ki, qapanmalar iqtisadiyyatımıza mənfi təsir göstərir. Ona görə də virusla mübarizədə vətəndaşlarımızın üzərinə ciddi vəzifə düşür. Karantin rejiminin tələblərinə ciddi riayət olunmalıdır. Xüsusən də ictimai iaşə obyektlərində zəruri qaydalar gözlənilməlidir. Vətəndaşlar düşünür ki, vaksinasiyadan sonra yoluxma sayı azalacaq, lakin reallıq onu göstərir ki, arxayınlaşmaq olmaz. Eyni zamanda biz vaksinasiya prosesini sürətlə keçməliyik. Bu gün dünya ölkələrinin çoxu bu prosesin sürətlə davam etməsinə çalışır”, – deyə deputat qeyd edib.

Naxçıvan Muxtar Respublikasında olduğu kimi, bütün ölkə ərazisində toyların keçirilməsinə icazə verilməsi ilə bağlı son günlər cəmiyyətdə səslənən təkliflərə gəlincə isə, C.Məmmədov bildirib ki, bu məsələ ilə bağlı qərar verərkən tələsmək olmaz: “Toyların keçirilməsinə icazə verilməsi ilə bağlı müəyyən məsələlər qaldırılır. Düşünürəm ki, bu məsələyə baxıla bilər. Lakin unutmaq olmaz ki, biz sıx təmaslardan qaçmalıyıq. Çünki xeyli sayda insanın bir araya toplaşması yoluxma sayına təsir edir. Bu çox ciddi məsələdir və bu mövzuda tələsməməliyik, səbirli olmalıyıq. Vaksinasiya prosesini həyata keçirib özümüzü müəyyən qədər sığortaladıqdan sonra bu məsələ barədə düşünmək olar.

Bilirik ki, karantin rejimi dövründə bir çoxları təm-təraqlı toy mərasimi keçirmədən nikaha daxil olaraq ailə həyatı qurdular. Ailə həyatı qurmaq arzusunda olan digər gənclərimiz də bu üsuldan istifadə edə bilərlər. Ümumiyyətlə, düşünürəm ki, biz pandemiyadan sonrakı dövrdə toy və yas mərasimlərinin keçirilməsi prosesinə yenidən baxmalıyıq. Min nəfərin iştirakı ilə bu mərasimlərin keçirilməsinə ehtiyac yoxdur. Burada insanın ən yaxın adamları iştirak etməlidir. Bununla biz israfçılığa da yol verməmiş olarıq”.

Sevgül Qasımzadə