"Hansısa məhkum amnistiyanın təsirinə düşürsə və dərhal cəzaçəkmə müəssisəsindən buraxılmalıdırsa, mütləq buraxılacaq. Həmin şəxsləri heç kəs istəsə belə, artıq cəzaçəkmə müəssisəsində saxlaya bilməz".
E-huquq.az xəbər verir ki, bunu vəkil İlhamə Həsənova bildirib.
O deyib ki, Amnistiya Aktı layihəsinin tam mətni yayımlandıqdan sonra cəzaçəkmə müəssisələrində olan bəzi məhkumların ailələrindən "şirinlik" istəməklə, həmin məhkumlara aministiya tətbiq edib buraxacaqlarını vəd edənlər meydana gəlib:
“Erməni təcavüzkarları üzərində əzəmətli qələbəmizin Zəfər Günü təntənəsini xalqımıza töhfə edən Cənab Prezidentimiz Amnistiya haqqında Qanun layihəsini Milli Məclisə təqdim edib. Bununla da xalqın sevincinə sevinc qatma əzmini nümayiş etdirib. Dəyərli vətəndaşlarımız! Amnistiya Aktı qəbul edildikdən sonra həmin Aktda göstərilən müddəalar və şərtlərlə müəyyən olunmuş qaydada bu Aktın təsirinə düşən hər kəsə istisnasız olaraq tətbiq olunacaq.
Bu, kiminsə subyektiv yanaşmasından və ya istəyindən asılı deyil. Bu mərhəməti məhkumlara dövlətimiz, Cənab Prezidentimiz göstərir. Heç kəsə bu Aktın tətbiqi üçün "şirinlik" vermək lazım deyil, bunu əsla etməyin! Bunu hüquqi baxımdan dəqiqləşdirmək istəyirsinizsə, vəkillərdən məsləhət alın. Ancaq kimsəyə " şirinlik" adı ilə rüşvət verməyin. Dövlətin, Cənab Prezidentin məhkumlara lütfünü heç kəs dəyərdən sala bilməz” , – deyə vəkil qeyd edib.
