Gənc sahibkarların hüquqi maarifləndirilməsi məqsədilə yeni təşkilat yaradılıb
Azərbaycan Gənc Sahibkarlar Klubunun təqdimat mərasimi keçirilib.
E-huquq.az-ın məlumatına görə, deputatlar, ictimaiyyət nümayəndələri, sahibkarlar və gənclərin iştirakı ilə keçirilən tədbir dövlət himninin səslənməsi ilə açıq elan edilib.
Klubun kordinatoru Anar Sarıyev klub barədə qonaqlara məlumat verərək bildirib ki, məqsəd ictimai-sosial layihələrdə aktivliyi təmin etməkdir. Onun sözlərinə görə, sahibkarların hüquqi maarifləndirilməsi istiqamətində yaradılan klubun əhəmiyyəti böyükdür: "Eyni zamanda dövlət siyasətinin prioritet istiqaməti olan sahibkarlığın inkişafına biz də öz gücümüz daxilində dəstək verməyi qarşımıza məqsəd qoymuşuq".
Sonra Milli Məclisin deputatları – Cavid Osmanov, Dilarə Cəbrayılova, Kamilə Əliyeva və digər qonaqlar çıxış edərək, klubun fəaliyyətinə və üzvlərinə uğurlar arzulayıblar.
Sonda klubun fəxri üzvlük karltarı mərasimdə iştirak edən qonaqlara təqdim edilib.

