Xalqımızın ümummilli lideri Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli Sərəncamı ilə 22 noyabr – ədliyyə işçilərinin peşə bayramı günü kimi təsis edilmişdir.
Belə ki, Ədliyyə Nazirliyi məhz Azərbaycan Demokratik Respublikasının elan edildiyi gün yaradılmış, onun Əsasnaməsi isə 22 noyabr 1918-ci ildə təsdiq edilərək, nazirliyə dövlət quruculuğu sahəsində mütərəqqi funksiyaların icrası həvalə olunmuşdur.
Məlum olduğu kimi, Ədliyyə Nazirliyi Sovet hakimiyyəti dövründə bir neçə dəfə ləğv edilib yenidən yaradılsa da, xüsusən müstəqillik illərində ümummilli lider Heydər Əliyevin şəxsi təşəbbüsü ilə nazirliyin səlahiyyətləri xeyli genişlənmişdir.
Ulu öndərin hüquq siyasətini uğurla davam etdirən dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə son illər Azərbaycan ədliyyəsinin davamlı inkişafına xidmət edən genişmiqyaslı islahatlar aparılmış, ədliyyə orqanlarının fəaliyyəti genişləndirilmiş, qabaqcıl informasiya-kommunikasiya texnologiyalarının və elektron xidmətlərin geniş tətbiqi, ən müasir infrastrukturun yaradılması üzrə tədbirlər görülmüşdür.
Ötən illər ərzində Ədliyyə Nazirliyinin çöxşaxəli fəaliyyət istiqamətləri üzrə həyata keçirilmiş islahatlar nəticəsində müasir tələblərə cavab verən, sözün əsl mənasında xalq ədliyyəsinin qurulmasına nail olunmuşdur.
Bu mütərəqqi islahatlar sırasında vətəndaşların mülki hüquq münasibətlərindən irəli gələn məsələlərlə bağlı mütəmadi müraciət etdikləri notariat orqanlarında tətbiq edilmiş yeniliklər xüsusi yer tutur.
Ölkə iqtisadiyyatının nəzərə çarpacaq dərəcədə inkişafı mülki münasibətlərin dairəsini genişləndirərək, mülki dövriyyə iştirakçılarının bağladıqları əqdlərin sayını xeyli çoxaldaraq, əhəmiyyətini artırmışdır. Şübhəsiz ki, baş verən bu dəyişikliklər müxtəlif ictimai institutların fəaliyyətinin təkmilləşdirilməsini, vətəndaşların hüquq və mənafelərinin daha etibarlı müdafiə olunmasını, eləcə də onlara göstərilən hüquqi xidmətlərin keyfiyyətinin yüksəldilməsini zərurətə çevirmişdir. Belə hüquqi xidmət göstərən təsisatlardan biri də notariatdır.
Məlum olduğu kimi, notariat – hüquqi dövlətdə mübahisəsiz mülki-hüquqi tənzimləməni həyata keçirən və mübahisələri önləyən bir hüquq institutu olaraq respublikamızın hüquq sisteminin vacib tərkib hissəsidir. Notariat, həmçinin mübahisəsiz faktları və hüquqları təsdiq etməklə vətəndaşların hüquqlarını məhkəmədənkənar qaydada müdafiə edir, fiziki və hüquqi şəxslərin mülki hüquq və mənafelərinin və mülki dövriyyənin mübahisəsizliyini, sabitliyini təmin edir.
O da qeyd edilməlidir ki, notariuslar notariat hərəkətlərini aparakən fiziki və hüquqi şəxslərə aparılan notariat hərəkətləri ilə bağlı onların hüquq və vəzifələrini izah edirlər, bu hüquqların həyata keçirilməsi və qanuni mənafelərinin qorunması üçün köməklik göstərirlər; hüquqi məlumatsızlığın onlara vura biləcəyi ziyanın qarşısını almaq üçün notariat hərəkətlərinin aparılması nəticələri barədə onlara xəbərdarlıq edirlər; qanunvericilik aktlarının tələblərinə əməl edirlər və peşə fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar onlara məlum olan məlumatları gizli saxlayırlar.
Bu gün notariuslar həmçinin hüquqi əhəmiyyət daşıyan sənədlərin rəqəmsal formatda istifadəsində və tətbiq olunmasında xüsusi rol oynayırlar. Hazırda notariuslar artıq elektron sənədlərin həqiqiliyini təsdiq edirlər. Notariatın imkanları həmçinin, internet resurslarında yerləşdirilmiş materialların həqiqiliyinin təsdiq edilməsini də əhatə edir. Bu imkanlardan sübutların təmin olunması prosesində istifadə olunması artıq zəruri bir gerçəklikdir. Belə ki, internet resurslarında olan məlumatlar hər hansı bir iş və proses üçün əhəmiyyət daşıyır və məlumatların sonradan internet resurslarından silinməsi lazımi materialların və sübutların yox olması deməkdir. Bunun qarşısının alınması üçün notarius maraqlı şəxslərin müraciəti ilə sübutları təmin edə bilər, yəni onların mövcudluğunu təsdiq edə bilər.
Əslində bu səlahiyyətlər notariatın necə böyük əhəmiyyət daşıdığının göstəricisidir. Məsələ burasındadır ki, azad demokratik cəmiyyətin qurulması, məhkəmə-hüquq islahatları, iqtisadiyyatın, sahibkarlığın inkişafı, vergi siyasətinin, fiziki və hüquqi şəxslərin vergiyə cəlb olunması işinin təkmilləşdirilməsi, əqdlərin qanuna uyğunluğu, eləcə də şübhəsizliyinin təmin olunması kimi amillər müasir sosial və iqtisadi inkişaf şəraitində notariat institutunun əhəmiyyətini göstərir və notariat fəaliyyətinin təxirəsalınmadan təkmilləşdirilməsini labüdləşdirir.
Müasir dövrdə notariat fəaliyyətinin təkmilləşdirilməsi əsasən 3 istiqamətdə həyata keçirilməkdədir: 1) qanunvericilik bazasının təkmilləşdirilməsi, 2) elektron notariat sisteminin və elektron xidmətlərin təkmilləşdirilməsi, həmçinin innovasiyaların hazırlanması və tətbiq olunması, 3) peşəkarlıq səviyyəsinin artırılması və vətəndaşlara xidmət keyfiyyətinin yüksəldilməsi. Bu istiqamətlərdən hər birində baş verən təkmilləşdirmələr müvafiq olaraq notariat xidmətinin səmərəliliyinin və vətəndaş məmnunluğunun artmasına zəmin yaratmışdır.
Son dövrdə qanunvericilikdə edilən əsaslı dəyişikliklərə misal olaraq, daşınmaz əmlaka sərəncam verilməsi, həmçinin ipotekaya qoyulması barədə müqavilələrdə ərazi aidiyyətinin aradan qaldırılması, elektron notariat sisteminin digər reyestr və informasiya bazalarına inteqrasiya olunaraq, lazımi məlumatların onlayn qaydada alınması və ötürülməsi, icra qeydlərinin icrasının elektronlaşdırılması, ipotekada olan əmlakın birbaşa satış üsulunun müəyyən edilməsi, mobil notariat tətbiqlərinin vətəndaşların istifadəsinə verilməsi və bu kimi əhəmiyyətli dəyişikliklər mülki dövriyyə subyektlərinin hüquqlarının səmərəli şəkildə gerçəkləşdirilməsinə şərait yaratmışdır.
Qeyd etmək lazımdır ki, “Azərbaycan ədliyyəsinin inkişafına dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nda qarşıya qoyulan vəzifələr, həmçinin “Notariat haqqında” Azərbaycan Respublikası Qanununa və “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”a edilən geniş dəyişikliklər həm notariatın qanunvericilik bazasının, həm də elektron notariat xidmətlərinin təkmilləşdirilməsində yeni bir mərhələ olmuşdur.
Müasir dövrdə rəqəmsal inkişaf bütün cəmiyyətlərin hərəkətverici bir qüvvəsinə çevrilmişdir və həyatın bütün sahələri rəqəmsallaşmanı dövrün tələblərinə və inkişaf perspektivlərinə uyğun olaraq tətbiq etməkdədirlər. Respublikamızın notariatı bu tarixi çağırışı zamanında dəyərləndirərək, 2007-ci ildən etibarən “Elektron notariat” sahəsində çalışmaları ardıcıl olaraq həyata keçirməkdədir.
Görülən hərtərəfli və sistemli işlərin nəticəsində bu gün Azərbaycan Respublikasında bütün notariat hərəkətləri istisnasız olaraq notariatın elektron informasiya sistemi vasitəsilə həyata keçirilir.
Bu gün “Elektron Notariat” avtomatlaşdırılmış sistemi aşağıdakı imkanlara malikdir: notariat hərəkətlərinin reyestrinin elektron formada aparılması və sənədlərə avtomatlaşdırılmış qaydada vahid reyestr nömrəsinin verilməsi; sənədlərin həqiqiliyinin real vaxt rejimində yoxlanılması və sənədlər haqqında məlumatların elektron formada alınması; notariat hərəkətlərinin layihələrinin yaradılması; "QR" və ya barkoddan istifadə edərək sənədlərin həqiqiliyinin yoxlanılması; daşınmaz əmlakın özgəninkiləşdirilməsində verginin avtomatlaşdırılmış hesablanması; icra qeydləri aparmaq üçün zəruri olan məlumatların avtomatlaşdırılmış qəbulu, habelə icra qeydlərinin məhkəmə qərarlarının icrası orqanlarına verilməsi; notariat sənədlərinin məlumat bazasında ətraflı axtarışı; notariat sənədlərinin arxiv elektron nüsxələrinin bazasının yaradılması; statistik hesabatların hazırlanması və avtomatlaşdırılmış qaydada müvafiq orqanlara göndərilməsi; notariat hərəkətləri barədə məlumatların avtomatlaşdırılmış qaydada səlahiyyətli orqanlara ötürülməsi; notariusların fərdi elektron kabinetlərinin yaradılması; digər informasiya sistemləri ilə məlumat mübadiləsinin həyata keçirilməsi; inzibatçı və istifadəçilər arasında məlumat və sənəd dövriyyəsinin həyata keçirilməsi; video əlaqə vasitəsi ilə notariat hərəkətlərinin uzaqdan həyata keçirilməsi.
Göründüyü kimi, respublikada fəaliyyət göstərən bütün notariusları vahid şəbəkədə birləşdirən və digər bir çox qurumların elektron sistemləri və reyestrləri ilə inteqrasiya olunmuş “Elektron notariat” sistemi notariat hərəkətlərinin operativliyini, vətəndaşların rahatlığını təmin etməklə, vaxt itkisinin qarşısını alır.
Tətbiq edilən son innovasiyalar sırasına "Elektron notariat" sisteminin analoqu olmayan yeniliyi olan “Elektron notariat köşkü”nü aid etmək olar. Belə ki, köşk bütün sutka boyu, 24 saat işləyir və notariat ofisinə getmədən (hal-hazırda Heydər Əliyev Beynəlxalq Hava Limanında quraşdırılmış və valideynlərin uşağın xaricə getməsinə icazə verə bilməsi üçün razılıq ərizələrinin rəsmiləşdirilməsi məqsədilə fəaliyyət göstərir) müəyyən notariat hərəkətlərini yerinə yetirməyə imkan verir. Lazımi sənədlər xüsusi skaner pəncərəsinə əlavə edildikdən sonra, məlumatlar sistemə yüklənir, bundan sonra ərizəçi ölkəni və müvafiq razılıq tarixini seçir və notariusla video bağlantısı qurulur. Notarius tərəfindən məlumatlar yoxlanıldıqdan sonra sənədin məzmunu ərizəçi tərəfindən oxunur, imzalanır və video qeyd avtomatik olaraq sistemin yaddaşında saxlanılır. Vətəndaş tam və dolğun şəkildə çap edilmiş və qeydə alınmış (təsdiqlənmiş) ərizəsini alır, məlumatlar isə avtomatik olaraq Dövlət Sərhəd Xidmətinə göndərilir.
Digər yenilik – “Mobil Notariat”ın tətbiqidir. Bu tətbiq ən yaxın notariat ofisini, ofisin iş saatları və əlaqə məlumatlarını xəritədə tapmağa imkan verir. Qeydiyyatdan keçərkən, tətbiq istifadəçinin bütün notarial sənədlərinə, istifadəçinin nə vaxtsa həyata keçirdiyi notariat hərəkətlərinin iştirakçılarına dair məlumatları əldə etməyə imkan verir, sənədin statusunun dəyişdirildiyi (yəni qüvvədə olub-olmaması) barədə xəbərdar edir və sənədin elektron versiyasından istifadə edilməsini təmin edir. Burada həmçinin, ödənişlərin məbləği, lazımi sənədlər və notariat hərəkətlərinə dair ödənişlərlə bağlı notariat əməliyyatlarında iştirak edən şəxslər haqqında ətraflı məlumat da verilir. Bundan əlavə, mobil tətbiq notariat ofislərini 360 dərəcə virtual görüntüləməyə imkan verir.
"Elektron notariat" informasiya sisteminin potensialının artırılması və digər təşkilatların informasiya ehtiyatları ilə inteqrasiyanın genişləndirilməsi istiqamətində işlər davam etdirilir. Hal-hazırda informasiya sisteminin yeni mükəmməl bir versiyasının yaradılması üzərində iş aparılır. Bu sistem sayəsində notariat hərəkətlərinin video əlaqə vasitəsilə rəsmiləşdirilməsi, elektron sənədlər əsasında əməliyyatlar aparmaq, vətəndaşların barmaq izi identifikasiyası, eləcə də bir çox əlavə funksiyaların tətbiqi mümkün olacaqdır.
Şəxs notariat ofisinə gələ bilmədiyi hallarda verilmiş bildiriş (notariat hərəkətlərinin aparılması ilə əlaqədar yazılı və ya elektron müraciət) əsasında notariat hərəkətinin aparılması vaxtı (tarixi və saatı) razılaşdırıldıqdan, dövlət rüsumu və haqlar ödənildikdən sonra “Notariat haqqında” qanun ilə müəyyən edilmiş notariat hərəkətləri notariat ofisindən kənarda olan müraciət etmiş şəxslə videoyazı vasitəsilə aparıla biləcəkdir.
Ümumiyyətlə, rəqəmsal inkişafdan danışarkən vurğulamaq lazımdır ki, notariat gələcək rəqəmsal həyatın, mülki dövriyyənin və onun iştirakçılarının hüquqlarının təsdiq olunması, həmçinin rəqəmsal hüquqların təhlükəsizliyinin, mübahisəsizliyinin təmin edilməsi baxımından geniş imkanlara malikdir. Qeyd etmək lazımdır ki, artıq real həyatda elektron təsdiqləmələrlə, həmçinin rəqəmsal hüquqla bağlı qanunvericiliyin təkmilləşdirilməsi zərurəti meydana çıxır.
Notariat fəaliyyətində peşəkarlıq səviyyəsinin artırılması və vətəndaşlara göstərilən xidmət keyfiyyətinin yüksəldilməsi istiqaməti üzrə də xeyli işlər görülmüşüdür.
İlk növbədə, mütərəqqi və şəffaf seçim proseduru əsasında yeni notariuslar korpusunun formalaşdırılması, ölkəmizdə beynəlxalq təcrübəyə uyğun xüsusi notariat institutunun yaradılması qeyd edilməlidir. Artıq ölkədə bütün notariat korpusunun 45%-ni xüsusi notariuslar təşkil edir.
Xüsusi notariat institutunun inkişafı, notariat sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, notariat fəaliyyəti üçün zəruri olan kadrların tədris işinin təşkil edilməsi, həmçinin notariat sahəsində beynəlxalq əməkdaşlığın aparılması məqsədilə notariusları peşə birliyi şəklində birləşdirən Notariat Palatasının təsis edilməsi də aparılan uğurlu islahatların nümunəsi kimi qeyd edilməlidir.
Belə ki, Notariat Palatası fəaliyyətə başladığı qısa dövr ərzində Beynəlxalq Notariat İttifaqı ilə sıx əməkdaşlıq əlaqələri qurmaqla, nazirliyin Qeydiyyat və notariat baş idarəsi ilə birgə Azərbaycan Respublikasında fəaliyyət göstərən Notariat ofisləri əməkdaşlarının peşə biliklərinin yoxlanılması və artırılması məqsədi ilə beynəlxalq standartlara cavab verən tədris proqramlarının hazırlanmasını təşkil etmiş və həmin kurslar səmərəli şəkildə həyata keçirilməkdədir.
Notariat Palatası həmçinin, Dövlət Notariat Arxivi ilə birgə “Vərəsəlik işlərinin rəqəmsallaşdırılması”layihəsinin həyata keçirilməsinə də başlamışdır.
Vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində də mütəmadi işlər həyata keçirilməklə, xidmətin təkmilləşdirilməsində nümunə kimi “ASAN xidmət” standartları tətbiq olunmaqdadır.
Bu tədbirlər çərçivəsində, notariat orqanlarına gəlmək iqtidarında olmayan vətəndaşlarımıza notariat xidmətlərinin əlçatanlığının təmin edilməsi məqsədi ilə notariuslar vətəndaşların ünvanlarında zəruri notariat hərəkətlərinin həyata keçirilməsinə imkan verən lazımi texniki avadanlıqlardan ibarət “Mobil çanta” ilə təchiz olunmuşlar.
Sevindirici haldır ki, ədliyyə sahəsində aparılan islahatların tərkib hissəsi kimi, notariat fəaliyyətində həyata keçirilmiş bu mütərəqqi dəyişikliklər vətəndaşların qanuni mənafelərinin qorunması ilə yanaşı, sərbəst bazar iqtisadiyyatıın formalaşdığı bir vaxtda mülki dövriyyə iştirakçılarının, o cümlədən sahibkarların mülkiyyət hüquqlarının daha etibarlı müdafiəsinə də öz müsbət təsirini göstərir.
Fəxrlə qeyd edilməlidir ki, ədliyyə işçilərinin də könüllü olaraq iştirak etdiyi Vətən müharibəsində Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuz xalqımızın 30 illik işğal acısına son qoyaraq, tarixi ədaləti bərpa etmişdir.
Unudulmamalıdır ki, bu şanlı qələbə minlərlə gəncimizin canı və qanı bahasına başa gəlmişdir. Peşəsini silaha dəyişərək, cəbhəyə yollananlar sırasında Fəxri ədliyyə işçisi (ölümündən sonra) şəhid Ruhin Xəlilovun və notarius ailəsinin üzvü Saday Osmanovun oğlu Teymur Osmanlının fədakarlığı da xüsusi olaraq qeyd edilməlidir.
Bu gün hər bir ədliyyə işçisi öz fəaliyyətində daim Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin ailələrinə və qazilərinə yüksək diqqət və ehtiramla xidmət etməkdən şərəf hissi keçirərək, öz vətəndaşlıq borcunu yerinə yetirirlər.
Düşmən tapdağından azad edilmiş torpaqlarımızda həyata keçirilən genişmiqyaslı quruculuq işləri nəticəsində doğma yurd-yuvalarına dönəcək vətəndaşlarımıza yaxın zamanda notariat fəaliyyəti daxil olmaqla, bütün ədliyyə xidmətlərinin həyata keçiriləcəyinə inanırıq.
Əziz ədliyyə işçiləri, peşə bayramınız mübarək!
Aygün Hacıyeva
Hüquq üzrə fəlsəfə doktoru, 1 saylı Bakı “Asan xidmət” mərkəzində Notariat ofisinin xüsusi notariusu
